Bir çox insan yuxunun keyfiyyətini yalnız neçə saat yatması ilə ölçür. Halbuki mütəxəssislər bildirirlər ki, yuxunun müddəti qədər onun vaxtının da sabit olması sağlamlıq üçün həlledici əhəmiyyət daşıyır. Alimlər qeyri-müntəzəm yuxu rejimi ilə bir sıra ciddi xəstəliklər arasında birbaşa əlaqə olduğunu vurğulayırlar.
E-saglam.az-ın məlumatına görə, Ottava Universitetinin tibb professoru Jan-Filip Şapü qeyd edir ki, sağlam yuxu rejimi hər gün təxminən eyni saatda yatmağı və oyanmağı tələb edir. Onun sözlərinə görə, bu vaxt fərqi maksimum 30 dəqiqə olmalıdır və bu qayda həftəsonları üçün də keçərlidir.
Araşdırmalar göstərir ki, nizamsız yuxu ürək-damar xəstəlikləri, piylənmə və psixi sağlamlıq problemləri riskini artırır. Təxminən 2000 nəfərin iştirak etdiyi bir tədqiqatda ən qeyri-müntəzəm yuxu rejiminə sahib olan şəxslərin ürək-damar xəstəliklərinə tutulma ehtimalının iki dəfə çox olduğu müəyyən edilib.
Yuxu rejiminin pozulması zehni sağlamlığa da ciddi təsir göstərir. 2024-cü ildə 88 min yetkin üzərində aparılan araşdırma, yuxu müntəzəmliyi ən aşağı olan şəxslərdə demans riskinin 50 faiz daha yüksək olduğunu ortaya çıxarıb.
Penn Dövlət Universitetinin dosenti Sumi Li bildirir ki, yuxu saatlarındakı dəyişikliklər bədənin daxili bioloji saatı olan sirkadian ritmi pozur. Bu isə hormon balansına, maddələr mübadiləsinə və immun sisteminə mənfi təsir göstərir. Qeyd olunur ki, kortizol hormonunun nizamsız ifrazı bədəndə iltihabı artırır və ürək-damar sisteminə zərər verir.
Mütəxəssislər sirkadian ritmini qorumaq üçün hər səhər eyni vaxtda gün işığına çıxmağın vacib olduğunu deyirlər. Səhər işığı orqanizmə günün başlandığını “xəbər verir” və yuxu-oyanıqlıq hormonlarının düzgün tənzimlənməsinə kömək edir.
Dr. Endryu Varqa isə yatmazdan təxminən bir saat əvvəl xatırlatma qurmağı tövsiyə edir. Bu müddətdə telefon və ekranlardan uzaq qalmaq, oxumaq və ya meditasiya kimi rahatladıcı fəaliyyətlərlə məşğul olmaq bədənin yuxuya daha asan keçməsini təmin edir.
Tərcümə: Könül Oruc