Hamiləlik dövründə cinsi həyat cütlüklər üçün həssas bir mövzu olaraq qalır. Çox vaxt ana və körpənin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən cütlüklər cinsi əlaqədən çəkinirlər. Lakin mütəxəssislərin fikrincə, həkiminiz tərəfindən əks göstəriş olmadığı müddətcə hamiləlik zamanı cinsi əlaqədə olmaq tamamilə təhlükəsizdir.
E-saglam.az xəbər verir ki, cinsi əlaqə zamanı diqqət edilməli əsas məqam hamiləlikdə hər hansı bir risk faktoru olub-olmamasıdır. Əgər səbəbi bilinməyən vaginal qanaxma, amniotik mayenin axması, servikal çatışmazlıq, körpənin aşağıda yerləşməsi və ya vaxtından əvvəl doğuş riski kimi hallar yoxdursa, cinsi əlaqə istənilən mərhələdə baş verə bilər.
Hamiləlik dövründə cinsəlliyin körpəyə zərər verəcəyi barədə yanlış fikirlər olsa da, araşdırmalar bu düşüncənin əsassız olduğunu göstərir. Əksinə, partnyorla sağlam fiziki və emosional əlaqə hamiləlik dövründə həm ananın, həm də körpənin sağlamlığı üçün müsbət təsir göstərə bilər. Cinsi əlaqənin ana üçün rahat olan mövqelərdə və məcburiyyət olmadan baş verməsi vacibdir.
Hamiləliyin son aylarında bəzi hallarda erkən doğum riskinin qarşısını almaq üçün həssas bölgələrin stimullaşdırılmaması tövsiyə olunur.
Hamiləliyin ilk üç ayında isə cinsi əlaqə çox vaxt həkimlər tərəfindən məhdudlaşdırılır. Bu dövr adətən aşağı düşmə riskinin daha yüksək olduğu və hamiləlik əlamətlərinin intensiv yaşandığı aylardır. Bu səbəbdən cinsi istəkdə azalma müşahidə edilə bilər, lakin bəzi qadınlarda əksinə artım da baş verə bilər.
Hamiləliyin sağlam və təhlükəsiz şəkildə davam etməsi üçün cinsi həyatla bağlı hər hansı sual və narahatlıq olduqda həkimlə məsləhətləşmək tövsiyə edilir.
Günel