
Göz qapağınızın qəfil səyirməsi kitab oxuyarkən, yemək yeyərkən və ya telefona baxarkən baş verə bilər. Bu hal adətən bir neçə saniyə davam etsə də, bəzi hallarda günlərlə təkrarlana bilər.

E-saglam.az xəbər verir ki, göz qapaqlarının səyirməsi nəzarət olunmayan əzələ spazmları ilə bağlıdır və bir sıra səbəblərdən qaynaqlana bilər.
Göz qapaqlarının səyirməsinin əsas səbəbləri
Həddindən artıq kofein istehlakı
Michigan Universitetindən Dr. Wayne Cornblath-a görə, çox kofein qəbulu əzələ spazmlarına səbəb ola bilər. Kofein sinir sistemini stimullaşdıraraq əzələlərin həddindən artıq reaksiyasına yol aça bilər.
Stress
Stress bədənin epinefrin istehsalını artıraraq əzələlərin daralmasına və spazmlarına səbəb ola bilər. Bu proses "döyüş və ya qaç" mexanizmi ilə əlaqəlidir.
Yuxu çatışmazlığı
Yetərsiz yuxu göz qapaqlarının səyirməsinə səbəb ola bilər. Bu sahədə aparılan tədqiqatlar davam etsə də, yuxunun əhəmiyyətli bir faktor olduğu düşünülür.
Alkoqol və siqaret istifadəsi
Spirtli içkilər və siqaret göz əzələlərinə təsir edərək səyirməyə yol aça bilər. Bundan əlavə, parlaq işıq, külək, çirklənmə və göz qıcıqlanması kimi xarici amillər də bu vəziyyəti gücləndirə bilər.
Genetik faktorlar
Göz qapaqlarının səyirməsi irsi xarakter daşıya bilər. Əgər ailədə bu hal müşahidə olunubsa, fərddə də ortaya çıxma ehtimalı yüksəkdir.
Göz qapağı səyirməsinin növləri
Birtərəfli səyirmə
Ən çox rast gəlinən bu növ, adətən bir neçə gün ərzində öz-özünə yox olur.
Artırılmış göz qırpma
Bu vəziyyətdə göz qırpma tezliyi artır və göz qapaqları nəzarətsiz bağlana bilər. Tez-tez stress və ya həddindən artıq kofein qəbulu ilə əlaqələndirilir.
Üz əzələlərində qeyri-iradi hərəkətlər
Bəzi hallarda üz əzələləri ilə birlikdə göz qapaqlarının da qeyri-ixtiyari bağlanması müşahidə olunur. Bu, üz sinirlərində yaranan pozğunluqlardan qaynaqlanır və nadir hallarda rast gəlinir.
Göz qapağı səyirməsini azaltmaq üçün nə etmək olar?
Alkoqol və kofein istifadəsini azaltmaq
Səyirmə halları artdıqda kofein və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq tövsiyə edilir.
Kifayət qədər yuxu almaq
Sağlam yuxu rejimi əzələlərin dincəlməsinə və səyirmənin azalmasına kömək edə bilər.
İsti kompres tətbiq etmək
Göz qapaqlarına isti kompres qoymaq əzələləri rahatlaşdıraraq spazmları azalda bilər.
Göz damcılarından istifadə etmək
Gözlərin quruluğu səyirməyə səbəb ola biləcəyi üçün nəmləndirici göz damcıları faydalı ola bilər.
Əgər göz qapaqlarının səyirməsi bir neçə gün və ya həftə davam edərsə, bu, daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Belə hallarda həkimə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc