İnsulin rezistentliyi nədir? Gizli şəkər adlandırılan problemə daha çox kimlərdə rast gəlinir?
Orqanizmdə gizli şəkərin olduğunu necə bilmək olar? Hansı əlamətlər siqnal sayıla bilər? Rezistentlik zamanı daha çox hansı qidalara tələbat artır? Gizli şəkər bütün hallarda şəkərli diabetə çevrilir, yoxsa problemin qarşısını almaq mümkündür?
E-saglam.az APA-ya istinadən xəbər verir ki, həkim-endokrinoloq Səbinə Cəfərova deyib ki, insulin rezistentliyi olan xəstə gələcəyin potensial şəkər xəstəsidir: "Bu problemi olan insanlar həkimə daha çox səbəbsiz olaraq çəkinin artması, piylənmə ilə bağlı şikayət edirlər. Məsələn, həmin insanlar qidalanmağa diqqət yetirdikləri, normadan artıq qida qəbul etmədikləri halda çəkilərinin artdığını deyirlər. Onlarda daha çox qarın hissədə piylənmə yaranır. Belə bir şikayətlə müraciət edən xəstədə ilk növbədə metabolizm pozğunluğunu, insulin rezistentliyini araşdırmaq lazımdır".
Həkim-endokrinoloqun sözlərinə görə, boynun arxa hissəsində, qoltuq altında, qarın və döş nahiyəsində olan büküşlərdə yaranan tünd qara rəngdə sızanaqlar, qara xətlər insulin rezistentliyinin əlamətləridir.
Rezistentliyi diabetlə sağlamlıq arasında bir pillə adlandıran mütəxəssisin sözlərinə görə oturaq həyat tərzi və qidalanmaq insulin rezistentliyinin yaranmasına gətirib çıxaran əsas səbəblərdir. Həkim-endokrinoloq müəyyən dərman preparatlarının da insulin rezistentliyinə gətirib çıxardığını istisna etməyib.
Həkim vurğulayıb ki, artıq çəkidən azad olduqca bu xəstəliyin sağalma ehtimalı artır.
Mütəxəssis deyib ki, insulin rezistentliyi problemi ildən-ilə cavanlaşmağa doğru gedir: "Artıq 10 yaşında da insulin rezistentliyi olan uşaqlar görürük. Ona görə də uşaqlara verdiyimiz qidalara ciddi yanaşmalıyıq".
Səbinə Cəfərova bu xəstələrdə əsmələrin olmasını insulinin daha çox ifraz olunması səbəbindən mədəaltı vəzinin işinin sürətlənməsi ilə əlaqədar olduğunu bildirib: "Əgər bir insanın ailəsində insulin rezistentliyi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən varsa, mütləq şəkildə yoxlanmalıdır. İnsulin rezistentliyi, artıq çəkili, xolesterin mübadiləsi pozulmuş, təzyiq, ürək-damar problemi olan insanlar potensial diabet xəstələridir".