Dünyaca məşhur simalar arasında yayılan “qan filtrasiyası” (aferez) trendləri tibb mütəxəssisləri tərəfindən ciddi şəkildə tənqid olunmağa başlayıb.
E-saglam.az xəbər verir ki, dəbdəbəli “cavanlaşma proseduru” kimi təqdim edilən bu bahalı üsulun heç bir tibbi əsası olmadığı bildirilir.
Hollivud ulduzları son aylarda bədənlərini toksinlərdən və mikroplastiklərdən təmizlədiyini iddia edən aferez proseduruna milyonlarla vəsait xərcləyir. Qvinet Peltrou Çikaqodakı klinikada təxminən 2,2 milyon lirə, Orlando Blum isə Londonda yarım milyona yaxın xərc çəkərək qanını filtrdən keçirdiklərini açıqlayıblar. Peltrou müalicə sonrası zehni aydınlıq hiss etdiyini iddia etsə də, tibbi cəmiyyət bu açıqlamalara şübhə ilə yanaşır.
Mütəxəssislər bildirirlər ki, aferez əslində otoimmün və ciddi nevroloji xəstəliklərin müalicəsində istifadə olunan tibbi prosedurdur və “detoks”, “cavanlaşma” və ya “mikroplastik təmizlənməsi” kimi məqsədlərlə tətbiq olunmasının heç bir elmi sübutu yoxdur.
Bristol Universitetindən doktor Dan Baumgardt prosedurun infeksiya və ağırlaşma risklərinin ciddi olduğunu, professor Tamara Qallouey isə mikroplastiklərin bədəndə mövcud olmasının normal sayıldığını, lakin onların kütləvi şəkildə “qanla çıxarılmasının” mümkünlüyünə dair etibarlı sübut olmadığını vurğulayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər: bahalı və təsdiqlənməmiş üsullara güvənmək əvəzinə, elmi sübutlu, təhlükəsiz tibbi yanaşmalar seçilməlidir.
Tərcümə: Könül Oruc