E-saglam.az xəbər verir ki, Amerika Xərçəng Cəmiyyətinin (ACS) 2024-cü ilin martında dərc etdiyi hesabatda qeyd olunur ki, artıq hər beş yeni kolon xərçəngi hadisəsindən biri 40 yaşdan aşağı şəxslərdə aşkarlanır.
Dünya üzrə təxminən 900 min insanın kolon xərçəngi səbəbilə həyatını itirdiyini bildirən Prof. Dr. Ergün və Prof. Dr. Mehmet Özcan, bu artımın xüsusilə gənc nəsillər – Z, Y və X nəsilləri üçün narahatedici siqnal olduğunu vurğulayır.
Əvvəl 50 yaş, indi 20-30 yaş arası
Əvvəllər daha çox 50 yaşdan yuxarı insanlarda görülən bu xəstəliyin artıq 20-30 yaşlı şəxslərdə də tez-tez diaqnoz qoyulması həyəcan təbili çalır. Bu səbəbdən, maarifləndirmə və skrininq proqramları daha erkən yaşlarda başlamalıdır.
ACS skrininq yaşını 45-ə endirdi
Prof. Dr. Ergün qeyd edir ki, artıq 2018-ci ildən etibarən ABŞ Xərçəng Cəmiyyəti skrininq yaş həddini 50-dən 45-ə endirib. Bu qərar, erkən diaqnoz və müalicənin effektivliyinə əsaslanaraq qəbul olunub. Belə ki, kolon xərçəngi erkən mərhələdə aşkarlandıqda müalicə şansı çox yüksək olur.
Qırmızı bayraqları tanıyın
2024-cü ildə Amerika Tibb Dərnəyinin jurnalında dərc olunan və 50 yaşdan aşağı təxminən 25 milyon kolon xərçəngi xəstəsinin araşdırıldığı elmi məqaləyə əsasən, erkən mərhələdə xəstəlik əlamətsiz irəliləyir. Qarın ağrısı, dəmir çatışmazlığına bağlı anemiya və bağırsaq fəaliyyətində dəyişiklik kimi simptomlar isə çox vaxt qidalanmaya bağlanaraq ciddi qəbul edilmir.
Artımın mümkün səbəbləri
Prof. Dr. Özcan bu xəstəliyin gənclər arasında artmasının dəqiq səbəblərinin hələ də araşdırıldığını, lakin əsas risk faktorları kimi aşağıdakıları qeyd edir:
-
Piylənmə
-
Oturaq həyat tərzi
-
Qərb tipli qidalanma (emal olunmuş qidalar, yüksək şəkər istehlakı)
-
Ətraf mühit faktorları
Profilaktika: Həyat tərzindən başlayır
Prof. Dr. Ergün bildirir ki, sağlam qidalanma vərdişləri, müntəzəm fiziki aktivlik və vaxtında həyata keçirilən skrininqlər kolon xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Yoxlamalar nə vaxtdan başlamalıdır?
Xüsusilə risk qrupuna daxil olan insanlar – yəni birinci dərəcəli qohumlarında kolon xərçəngi aşkarlanmış şəxslər – kolonoskopiya müayinəsinə xəstəliyin diaqnozu qoyulmuş yaşdan 10 il əvvəl başlamalıdırlar. Məsələn, əgər bir şəxsin atasında 45 yaşında kolon xərçəngi diaqnozu qoyulubsa, həmin şəxs skrininqə 35 yaşında başlamalıdır.
Tərcümə: Könül Oruc