Tibbi xəbərlər
Gələcəkdə bir peyvənd vurduraraq həm qripdən, həm də koronavirusdan qorunmaq mümkün olacaq
Tibbi xəbərlər
164

Gələcəkdə bir peyvənd vurduraraq həm qripdən, həm də koronavirusdan qorunmaq mümkün olacaq

SARS-CoV-2 virusunun tamamilə yox olması barədə düşünmək mümkün deyil. Təbiətdə belə bir hala yalnız bir dəfə - təbii çiçək xəstəliyində rast gəlinib.

Ümumi bir proqram və peyvəndləmə nəticəsində həmin xəstəlik tamamilə eradikasiya olunub. Ondan başqa olan bütün yoluxucu xəstəliklər mövcuddur. Xüsusilə də ilk mənbəyi heyvanlardan gələn yoluxucu xəstəlikləri - yeri gəlmişkən, COVID-19 da heyvanlardan gəlib - tam şəkildə yox etmək çox çətindir, çünki onların hər zaman təbiətdə sirkulyasiyası mövcuddur.

 

E-saglam.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. “İki-üç il bundan əvvəlki vəziyyətə baxanda pandemiyaya qalib gəlsək də, COVID-19 xəstəlik kimi həmişə bizimlə olacaq. Biz bunu əvvəl də deyirdik. Bir influenza və ya fərqli respirator virus kimi həmişə mövcuddur. Bir çox fərqli respirator viruslar var ki, hər zaman payız-qış mövsümündə insanlar arasında yayılır. Biz onların hamısına qrip deyirik, lakin onların arasında müxtəlif viruslar var. COVID-19 xəstəliyi də həmin sıraya qoşulacaq və demək olar ki, artıq qoşulub. Ümumdünya Səhiyyə Təşkilatı da respirator xəstəliklərin, o cümlədən COVID-19 və qrip xəstəliklərinin son vaxtlar artmasını nəzərə alaraq tövsiyələr verib. Kəskin respirator virus xəstəlikləri hər ilin payız-qış mövsümündə artır. Onların arasında hər mövsümdə hansısa virus daha dominant olur. Yada salsaq ki, pandemiya vaxtı qrip virusu demək olar ki, yox idi, ancaq COVID var idi. Ola bilər ki, o vaxt özünü göstərməyən viruslar indi üzə çıxır. Bu, hər zaman olub və təəssüf ki, bu şəkildə də davam edəcək. Ona görə də qabaqlayıcı tədbirlər görməli və həmin proseslərə hazır olmalıyıq”, - deyə departament rəhbəri bildirib.

Onun sözlərinə görə “Bu gün “Azərbaycanda COVID yoxdur” demək olmaz. Virus üzərində epidemioloji nəzarət davam edir, lakin mövcud rəqəmlər çox aşağı saydadır. COVID-19-un əlamətləri insanlarda olacaq. Alt növlərə gəldikdə isə, bunlar omikronun alt növləridir. Ümumiyyətlə, bəzi viruslarda alt növlərin mutasiya olması normal haldır. Bu, virusun bir xüsusiyyətidir və bunu hər kəs qəbul etməlidir. Bəli, zaman keçdikcə, insandan-insana yoluxduqca onun yeni alt növləri meydana çıxacaq. Həmçinin qrip virusunda da belədir. Bunu qeyri-adi bir hal kimi qəbul etmək lazım deyil. Bizim üçün yeni alt növün xüsusiyyətləri maraqlıdır və bu da artıq məlumdur. ABŞ-da daha çox yayıldığı üçün aparılan tədqiqatlar göstərib ki, çox yüksək yoluxuculuq qabiliyyətinə malikdir, çox sürətlə yoluxur, lakin yoluxanlarda klinik olaraq ağır simptomlara rast gəlinmir. Əvvəl omikron ştamında da bunu müşahidə etmişdik. Yoluxanlardan çoxu xəstəliyi ayaq üstə keçirəcək, müəyyən hissəsi bunu hiss etməyəcək, yaxud adi soyuqdəymə kimi və yüngül keçirəcək. Lakin xəstəliyin yoluxuculuğu yüksək olduğu üçün bəzi həssas qrupların yoluxduğu zaman ağır hallar, hətta ölüm halları da baş verə bilər. Bu da əslində bütün xəstəliklərə xas olan haldır. Bütün yoluxucu xəstəliklərdə 65 yaşından yuxarı və 5 yaşdan aşağı uşaqlar həssas qruplar sayılır. Onların arasında xəstəliyin ağır formasını görmək olar. Amma ümumi olaraq yeni alt variantın ağırlaşmalarına daha çox rast gəlinmir.

Yoluxucu xəstəliklər xüsusi bir qrupdur və onları bəzən qruplaşdırmaq, bir-birindən ayırmaq çox çətin bir işdir. İnfeksion xəstəliklərdə mütləq bir törədici olur və onun özü də bir canlıdır. O, şüursuz olsa da, həyatda qalmaq üçün mübarizə aparır. Ümumiyyətlə, viruslar yaşamaq üçün mütləq başqa bir hüceyrəyə ehtiyacı olan canlılardır, yəni onların mütləq bir insana, heyvan hüceyrəsinə ehtiyacı var və ona görə də yoluxma onlar üçün həyatda qalma, evolyusiyada öz yerini tutmaq üçün çox vacibdir. Hər yeni virus xəstəliyi meydana çıxanda əvvəlcə ağır gedişatlı olur. Bu, təkcə virusla əlaqədar deyil, bizdən də asılıdır. Çünki orqanizmin immun sistemi onu tanımır. İstər Azərbaycanda, istərsə də dünyada SARS-CoV-2 virusunu tanımayan orqanizm tapmaq çox çətindir. Əhalinin bir hissəsi bu xəstəliyi bir deyil, bir neçə dəfə keçirib, əhalinin xeyli hissəsi də peyvənd edilib. Hər halda immun sistemi həmin virusu tanıyır. Virusun yoluxması sürətlənsə də, ağır gedişatı ancaq risk qruplarında ola bilər. Bu, bütün xəstəliklərdə, influenzada da belədir. Kimsə infleunzanı ayaq üstə, yüngül, kimsə ağır keçirir. Virusun daha sürətlə yoluxması kliniki olaraq gələcəkdə onun ağırlaşmasına aparıb çıxarmayacaq. Belə bir nəzəriyyə mövcud deyil. Əksinə, daha az yayılan və daha yüngül klinik gedişatlı xəstəlik olacaq.

Heç bir törədici daşıyıcısını öldürmək məqsədi güdmür, çünki belə olanda o itirir. Parazitologiyada yoluxucu xəstəliklərdə belə bir anlayış var: bizim yaşamağımız onlara da lazımdır. Ona görə də tədricən virus və insanlar bir-biri ilə yaşamağa öyrəşirlər. Lakin cəmiyyətdə fiziki olaraq zəif, xroniki xəstəlikləri olan qruplar varsa, xəstəlik onları hər zaman zədələyir. Bizim verdiyimiz tövsiyələr əsasən risk qrupunda olanlar üçündür. Yaşlıları, uşaqları, xəstələri qorumalıyıq və biz özümüzü qorusaq, məntiqi olaraq onları da qorumuş olarıq”.

Onun dediyinə görə, hazırda yoluxma dalğasının epidemiya və ya pandemiya həddinə gəlib çatması barədə danışmaq düzgün olmaz: “Doğrudur, son həftələrdə yoluxma statistikasında kiçik artım müşahidə olunur və bu say ikirəqəmli ədədlə ifadə olunur. Əvvəllər pandemiya dövründə də bizi bunu müzakirə edirdik, həftə sonundan sonra yoluxma birinci gün kiçik rəqəm, ikinci gün yüksək rəqəmlə ifadə olunurdu. İndi ilin əvvəlində 7 gün qeyri-iş günü olub və ola bilər ki, bayramdan sonra bir sıçrayış olsun. Lakin bu, həqiqi sıçrayış deyil. Bu, sadəcə bayram günlərində əhalinin müraciət etməməyi ilə də əlaqədar ola bilər, həmin günlərdə müəssisələrin heç hamısı normal iş rejimində çalışmırdı, buna görə birdən-birə toplanılmış nümunələr analiz edilir və statistik sıçrayış ola bilər”.

Y. Qarayeva deyib: “İlk istifadə etdiyimiz peyvəndlər virusun alfa ştamına qarşı istifadə edilmişdi. Təbii ki, heç nə yerində dayanmır, peyvənd istehsal edən şirkətlər bunun üzərində çalışırlar. ABŞ-da xüsusilə 2023-2024-cü il mövsümü üçün son variantlar nəzərə alınaraq COVID peyvəndi hazırlanıb. Azərbaycanda istifadə olunan peyvənd alfa ştamına qarşıdır. Ancaq virus eyni virusdur, sadəcə onun zülallarında müəyyən dəyişikliklər olur və buna mutasiya deyirik. Bu, orqanizmin immun sistemi üçün yeni deyil, əgər peyvənd vurulubsa, artıq immun sistemi onu tanıyır. Qrip peyvəndində də belədir. Hər il yeni qrip peyvəndi istifadə edilir, artıq onun istehsalı çox inkişaf etdiyi üçün belə bir praktika var. Peyvəndlərin də üzərində ilboyu epidemioloji nəzarət aparılır, dünyanın müxtəlif ölkələrindən nümunələr götürülərək məlumat toplanılır ki, gələcək mövsümdə hansı ştamlar daha çox yayıla bilər. Həmin məlumatlar əsasında yeni peyvəndlər hazırlanır. Bu, qrip virusunda belə idi, artıq COVID-də də var. Qriplə COVID-in yeni ştamı bir peyvənddə olması üzərində iş gedir və gələcəkdə bir peyvənd vurduraraq hər iki virusdan qorunmaq mümkün olacaq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun