Füzuli Rayon Mərkəzi Xəstəxananın tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə E-saglam.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik tikinti işlərinin icrasını "Uni KO" QSC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, xəstəxananın tikintisi 70.000.000 manata başa gələcək.
Qeyd edək ki, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ci ildə qoyulub. Bu tibb müəssisəsində əsasən üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək.
Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Müalicə ocağı maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqla təmin olunacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək.