Xəbərlər
Evinizdəki bu əşyalar
Xəbərlər
197

Evinizdəki bu əşyalar 2-ci tip diabet riskini artırır

Məlum olub ki, evlərdə gündəlik istifadə etdiyimiz bəzi əşyalar sağlamlıq üçün düşündüyümüzdən daha təhlükəlidir. Yeni araşdırmalar göstərir ki, bəzi sintetik kimyəvi maddələr 2-ci tip şəkərli diabetin yaranmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki Mount Sinai Icahn Tibb Məktəbində aparılan tədqiqat çərçivəsində 360 nəfərin sağlamlıq vəziyyəti və qan nümunələri analiz olunub. Yaxın zamanlarda 2-ci tip diabet diaqnozu qoyulmuş şəxslərin qanında yüksək səviyyədə perfluoroalkil və poliftoralkil maddələr (PFAS) aşkar edilib. Bu şəxslərdə diabetə tutulma riski sağlam şəxslərlə müqayisədə 31 faiz daha yüksək olub.

Bu kimyəvi maddələr əsasən yapışmayan qablarda, yemək qablarında, suya və ləkəyə davamlı geyim və mebel örtüklərində, kosmetik vasitələrdə və hətta yanğınsöndürmə köpüklərində istifadə olunur. PFAS-lar “davamlı kimyəvi maddələr” kimi tanınır, çünki nə ətraf mühitdə, nə də insan orqanizmində asanlıqla parçalanmırlar.

Tədqiqatçılar bu maddələrin bədəndə zamanla toplanaraq metabolizmi, xüsusilə də qan şəkərinin tənzimlənməsində rol oynayan prosesləri pozduğunu vurğulayırlar. PFAS-lar amin turşularının biosintezini və dərmanların parçalanmasını da mənfi təsir altına alır.

Mount Sinai Universitetinin Ətraf Təbabəti üzrə mütəxəssisi Dr. Vişal Midya bildirib ki, bu maddələr suya, istiyə, yağa və ləkələrə davamlı olmaları səbəbilə minlərlə məhsulda geniş istifadə olunur. Həmin kimyəvi birləşmələr zamanla orqanizmdə yığılıb müxtəlif xroniki xəstəliklərə yol aça bilər.

Araşdırmada iştirak edən başqa bir mütəxəssis, Xalq Sağlamlığı Departamentindən Dr. Damaskini Valvi isə əlavə edib ki, artan elmi sübutlar PFAS-ların yalnız diabet deyil, həm də piylənmə və qaraciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərir.

Alimlər xüsusilə vurğulayırlar ki, 2-ci tip diabetin yaranmasında yalnız genetika və həyat tərzi deyil, ətraf mühit faktorları və məişətdə istifadə olunan məhsullar da mühüm rol oynayır. Bu səbəbdən, evdə istifadə etdiyiniz əşyaların tərkibinə diqqət yetirmək və mümkün qədər təbii, sağlam məhsullara üstünlük vermək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun