
Əməkdar həkim Cabir Məmmədovun koma xəbəri təsdiqləndi və o hazırda süni tənəffüs aparatına qoşulub.

E-saglam.az milli.az-a istinadən məlumatına görə, C.Məmmədov hal-hazırda Bakıdakı özəl kliniklardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimin oğlu, Rəşad Cabirli xəbəri təsdiqləyərək, atasının şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb etdiyini bildirib.
O qeyd edib ki, hazırda həkimlər atasının komadan çıxması üçün səy göstərirlər.
"Artıq bir həftəyə yaxındır ki, atam Cabir Məmmədov reanimasiyadadır və həkimlərin ciddi nəzarəti altındadır"-deyə, o qeyd edib.
Məlumat üçün bildirək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi Terpiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.