Tibbi xəbərlər
Elmi dünya şəkərə alternativ
Tibbi xəbərlər
26

Elmi dünya şəkərə alternativ kəşf etdi

ABŞ-dəki Tufts Universitetinin alimləri süfrə şəkəri ilə eyni dada malik, lakin sağlamlığa daha az təsir göstərən nadir şəkər “taqatoza”nı istehsal etmək üçün yeni üsul hazırlayıblar.

E-saglam.az-ın məlumatına görə, taqatoza süd məhsullarında və alma, ananas, portağal kimi meyvələrdə təbii şəkildə mövcuddur, lakin çox nadir rast gəlinir. Alimlər bu nadir şəkəri daha səmərəli və ucuz istehsal etmək üçün Escherichia coli bakteriyalarını genetik olaraq dəyişdirərək onları miniatür fabriklərə çeviriblər. Bu metodla bakteriyalar qlükozanı 95% səmərəliliklə taqatozaya çevirə bilir, ənənəvi üsullarda isə bu göstərici 40–77% arası idi.

Taqatozanın süfrə şəkərinə görə üstünlükləri çoxdur. Süfrə şəkərinin 92%-i qədər şirinliyə malik olmaqla bərabər, bişirmə zamanı karamelizə olur və məhsulun quruluşunu qoruyur. Kalori miqdarı təxminən 60% azdır, qan şəkəri və insulin səviyyəsinə minimal təsir göstərir ki, bu da diabet xəstələri üçün vacibdir. Eyni zamanda, diş çürüməsinə səbəb olan bakteriyaların böyüməsini ləngidir və bağırsaqdakı faydalı bakteriyalara probiotik təsir göstərə bilər.

Tədqiqatçılar bildirirlər ki, bu yeni biosintez üsulu yalnız taqatoza üçün deyil, digər nadir şəkərlərin istehsalında da inqilab yarada bilər. FDA tərəfindən “ümumiyyətlə təhlükəsiz” (GRAS) kimi təsnif edilən taqatoza, bu metodla qida sənayesində daha geniş yayılmış və səmərəli alternativ ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun