
Əfqanıstanda həkimlər heyrətamiz hadisə ilə üzləşiblər - iki aylıq oğlan uşağının qarnında onun doğulmamış əkizinin dölünü tapıblar.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "Mirror" nəşri məlumat verib.
Məlumata görə, uşaq qarnında şişkinlik səbəbindən xəstəxanaya yerləşdirilib. Əllə yoxlanış zamanı körpənin qarnında 8x12 sm ölçüdə kütlə hiss olunub.
Həkimlər əvvəlcə bunun şiş və ya neyroblastoma olduğunu ehtimal ediblər, lakin müayinə bunun əksini göstərib. Tomoqrafiya körpənin içərisində toxuma, piy, sümüklər və hətta onurğa sütunu ilə qabırğalar olduğunu göstərib.
Körpə ümumi narkoz altında əməliyyat olunub. Cərrahlar kütləni aortaya bağlı olan membran kisəsindən çıxarıblar. İçəridəki kütlənin başı, saçı, qolları və ayaqları olan inkişaf etməmiş döl olduğu məlum olub. Əməliyyat uğurla başa çatıb və uşaq sağalmağa doğru gedir.
Bu nadir hal "dölün içində döl" adlanır. Bu, bir əkizin digərinin içində inkişaf etməsi nəticəsində yaranır. Dünyada 200-ə qədər belə hal məlumdur. (oxu.az)