Tibbi xəbərlər
Dözülməz və çözülməz ağrı... - MİQRENİ nələr daha çox
Tibbi xəbərlər
4409

Dözülməz və çözülməz ağrı... - MİQRENİ nələr daha çox sürətləndirir?

Hər milyon insandan 3 mini miqrendən əziyyət çəkir

E-saglam.az xəbər verir ki, bəlkə də təəccüblənəcəksiniz, ancaq dünya əhalisinin 80 faizi baş ağrısından əziyyət çəkir. Baş ağrıları əsasən havada zəhərli qazların olması, aclıq hissi, emosional və fiziki vəziyyətlər, soyuqlama, zəhərlənmə bəzən isə qəbul etdiyimiz dərmanların təsirindən yarana bilər. Ancaq davamlı və şiddətli ağrılar ciddi xəstəliklərin mövcudluğundan da xəbər verir. Bu ağrılar nevroloji xarakterli xəstəliklər sırasına daxildir.

Nevroloji xəstəliklərdən söhbət düşmüşkən, burada xüsusilə miqreni qeyd etməliyik. Hansı ki, cinsindən asılı olmayaraq hər kəs həmin xəstəliyin hədəfi ola bilər. Araşdırmalara görə, miqren zehni işlə məşğul olan insanlar arasında daha çox yayılıb. Qeyd edək ki, miqren elmi ədəbiyyatlarda tam araşdırılmamış xəstəliklərə aid edilir. Xəstəlik uşaqlıq və ya gənc yaşlarında özünü göstərməyə başlayır. Miqrenin pik dövrü isə 30-45 yaşda olan xəstələrin payına düşür.

Miqrenin əlamətləri

Başın bir tərəfində intensiv və döyünən xarakterli ağrılar peyda olur, alın, gicgah və göz nahiyəsini əhatə edir. Parlaq işıq ağrıların intensivləşməsinə səbəb olur. Həmçinin güclü səs və qoxu bu ağrıları artıra bilir. Ağrılar bəzən gecə yuxuda olan zaman və yaxud səhər saatlarında, oyanma anında xəstəni narahat edir. Lakin gündüz saatlarında miqren ağrılarının intensivləşməsinə daha çox rast gəlinir.

Ümumiyyətlə, bu xəstəlik iki qrupa bölünür: Auralı və aurasız. Miqrenlərin yalnız 10 faizində aura var.

Miqren aurası nədir?

Aura simptomlara yaxın miqrendə rast gəlinən simptomlardır. Bu simptomların əksəriyyəti görmə ilə əlaqədardır. Xəstə bir ərazidə və ya bölgədə parlaq işıqlar, ziqzaq xətləri və ya bulanıq görmə, görmə itkisi kimi narahatlıqlar olduğunu bildirir. Bundan əlavə, qol və ayaqlarda uyuşma, başgicəllənmə, nitq pozğunluqları da Miqren aurasında görülür. Bu hal 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.

Miqreni sürətləndirən amillər

Havanın çirkliliyi, siqaret tüstüsü, parlaq işıq və ya titrəyən işıq, yüksək və davamlı səs, ətir qoxusu, digər güclü qoxular və kimyəvi maddələr. Həmçinin hava şəraitindəki dəyişikliklər, mövsümi dəyişikliklər, aclıq, yeməkdən imtina etmək, çox və ya çox az yuxu, yuxu rejimindəki narahatlıqlar, doğuşa nəzarət həbləri, qadınlarda hormonal dəyişikliklər. Bundan başqa, bəzi qidalar və içkilər, məsələn, şokolad, qoz-fındıq, qırmızı şərab və s. də miqren ağrılarını sürətləndirir.

Dünyada ən geniş yayılmış 3-cü xəstəlik

Nevroloq Lamiyə Həsənova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bir ay ərzində xəstədə ağrı sayı üç-dörddən çox olarsa, miqren hücumlarının qarşısını almaq üçün dərmandan istifadə etmək lazımdır. O, qeyd edib ki, xəstədə ayda bir dəfə və ya 6 ayda bir miqren tutması baş verirsə, bu zaman həkimin təyin etdiyi daha yüngül müalicə, bəzən isə dərman müalicəsi belə tətbiq edilmir: “Nevroloji miqren xəstəliyi böyüklərdə 4-72 saat, uşaqlarda isə 1-72 saat davam edə bilir. Miqren dünyada ən geniş yayılmış xəstəliklər sırasında 3-cü yerdədir. Bu növ baş ağrısı şəkərli diabet, epilepsiya və astma xəstəliklərindən də çox yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Yer kürəsində hər gün təxminən hər milyon insandan 3000 nəfəri miqrendən əziyyət çəkir. Külək, fırtına, Günəş işığı, rütubətin yüksək səviyyəsi də miqren yarada bilər. Miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir”.

Nevroloqun sözlərinə görə, miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar “epizodik ağrılar” adlanır: “Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər hallar səbəb ola bilər. Xroniki miqren müalicə edilmədikdə, ciddi fəsadlara yol açması mümkündür”.

Xəstəliyin müalicəsi yoxdur

L.Həsənova vurğulayıb ki, miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur. Belə ki, xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq, ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar: “Miqren ağrıları zamanı istifadə edilən dərmanlardan uzunmüddətli istifadə məsləhət deyil. Unutmayaq ki, həddindən artıq ağrıkəsicilərin istifadəsi ağrıların çoxalması və xronikləşməsinə səbəb ola bilər.

Daha çox qadınlar miqrendən əziyyət çəkir

Nevroloq bildirib ki, tez-tez ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışıqda problem, 50 yaşdan sonra başlayan baş ağrıları hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır: “Qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələr düzgün və sağlam qidalanmalı, ac qalmamalıdırlar. Bol su içmək, idmanla məşğul olmaq lazımdır. Bunlar mümkün deyilsə, açıq havada gəzmək, yuxu rejiminə diqqət yetirmək, yuxusuz qalmamaq, stressi artıran hadisələrdən uzaq olmaq vacibdir. Xəstəni narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir”.

Qeybə çəkilən miqren dərmanları...

Qeyd edək ki, apteklərdə miqren dərmanların bəzisi, hətta ən effektiv təsirə malik olanları tapmaq olmur. Məsələn, “Anti-Migren”, “Avmigran” kimi dərmanlar bu qəbildəndir. Halbuki adını çəkdiyimiz preparatlar bir zamanlar ölkəmizdə satışda olsa da, vətəndaşlar indi həmin dərmanları yalnız Türkiyə və digər xarici ölkələrdən alırlar.

Maraqlıdır, vətənaşların bu dərmanları çətinliklə əldə etməsinə səbəb nədir?

Məlum sorğu ilə bağlı Səhiyyə Nazirliyindən qəzetimizə verilən açıqlamada bildirilib ki, apteklərin dərman vasitələri ilə təminatı Nazirliyin səlahiyyətləri daxilində deyil. Nazirliyin Analitik Ekspertiza Mərkəzi yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir: “Ola bilsin ki, əvvəllər bəzi dərmanların ölkəmizdə satışı həyata keçirilsə də, hazırda həmin preparatlar yoxdur. Dövlət Gömrük Komitəsi dərman preparatlarının tərkibini yoxladıqdan sonra hər hansı bir uyğunsuzluq aşkarlandığı halda həmin dərmanların ölkəmizə daxil edilməsinin qarşısını alır. Səhiyyə Nazirliyi ölkəyə dərman idxalına nəzarəti yox, yalnız istifadəsinə icazə verilən preparatların satışını təsdiqləyir”. 

Mənbə: yeniazerbaycan.com

E-sağlam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun