Tibbi xəbərlər
Döymələrin xərçəng riski ilə əlaqəsi araşdırılır:
Tibbi xəbərlər
10

Döymələrin xərçəng riski ilə əlaqəsi araşdırılır: Narahat olmağa əsas varmı?

Döymələr əvvəlkindən daha populyar olsa da, aparılan yeni tədqiqatlar daimi mürəkkəbin bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyini göstərir.

E-saglam.az xəbər verir ki, Qərbi Avropada əhalinin 13–21 faizinin döyməyə sahib olduğu bildirilir, lakin onların uzunmüddətli sağlamlıq təsirləri hələ də tam aydın deyil.

Son araşdırmalar göstərir ki, döymə mürəkkəbi limfa düyünlərinə yığılaraq iltihab yarada və nadir hallarda limfoma riskini artıra bilər. Cənubi Danimarka Universitetinin 2025-ci il tədqiqatı döyməsi olan insanlarda dəri xərçəngi və limfoma ehtimalının daha yüksək olduğunu müəyyən edib. Məlumata görə, xüsusilə ovuc ölçüsünə bərabər və ya daha böyük döymələrdə risk daha da artır.

Mütəxəssislər bildirirlər ki, mürəkkəbin miqdarı artdıqca risk də yüksələ bilər. Bununla belə, bu nəticələr ilkin mərhələdədir və dəqiq əlaqə qurmaq üçün daha geniş, uzunmüddətli araşdırmalara ehtiyac var. Mürəkkəb növü, istifadə edilən piqmentlər, döymənin yerləşdiyi nahiyə və genetik faktorlar kimi çoxsaylı amillər əlavə araşdırma tələb edir.

Döymələrin konkret şəkildə xərçəngə səbəb olduğuna dair sübut olmasa da, digər risklərə diqqət yetirmək vacibdir. Mürəkkəblər bəzən nikel, xrom, kobalt və qurğuşun kimi ağır metalları ehtiva edə bilər ki, bunlar allergik reaksiyalara və immun sistemində həssaslığa səbəb ola bilər. Bu səbəbdən 2022-ci ildə Avropa Birliyi döymə mürəkkəblərində 4000-dən çox təhlükəli maddəyə məhdudiyyət qoyub və daha sərt etiketləmə qaydaları tətbiq edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun