Dodaqların rəngi yalnız estetik yox, eyni zamanda sağlamlıq göstəricisidir.
E-saglam.az xəbər verir ki, Doctissimo-nun təcili yardım həkimi Dr. Gerald Kierzek bildirir ki, dodaq rəngi klinik müayinə zamanı diqqət edilən əsas əlamətlərdəndir və orqanizmin ümumi vəziyyəti haqqında vacib məlumat verə bilər.
Çəhrayı dodaqlar düzgün qan dövranı və kifayət qədər maye qəbulunun, ümumilikdə isə yaxşı sağlamlığın göstəricisidir.
Qırmızı dodaqlar adətən canlılıq və enerjinin əlamətidir, lakin normadan artıq qızartı iltihab, allergiya və ya qıcıqlanma səbəbi ilə də yaranmış ola bilər.
Solğun və ya ağ dodaqlar zəif qan dövranı, dəmir və ya B12 çatışmazlığı, anemiya və ya susuzluğa işarə edə bilər. Bu tip dəyişikliklər bəzən ürək və tənəffüs problemlərinin də göstəricisidir.
Bənövşəyi və ya mavi dodaqlar qanda oksigen çatışmazlığından (siyanoz) qaynaqlana bilər və tez-tez tənəffüs və ya ürək xəstəlikləri ilə əlaqələndirilir. Belə hal qalıcıdırsa, mütləq həkimə müraciət edilməlidir.
Tünd və ya qaralmış dodaqlar bəzi insanlarda genetik səbəblərlə olsa da, siqaret, hormonal pozğunluq, dərmanların təsiri və ya metabolik problemlər səbəbindən də baş verə bilər.
Dodaqlarınızdakı rəng dəyişikliyi gözardı edilməməli, lazım gələrsə, mütəxəssis məsləhəti alınmalıdır.
Tərcümə: Könül Oruc