Harvard Tibb Məktəbindən genetik Dr. David Sinclair-in araşdırmasına görə, dırnaqların böyümə sürəti insanın bioloji yaşını və qocalma prosesini göstərə bilər.
E-saglam.az xəbər verir ki, Dr. Sinclair bildirir ki, bioloji yaş hüceyrələrin və orqanizmin ümumi vəziyyəti ilə ölçülür. Yəni, bu göstərici xronoloji yaşdan fərqli ola bilər. Onun fikrincə, dırnaqların uzanma tempi qocalma sürətini izləmək üçün sadə, lakin effektiv üsuldur.
Araşdırmalar nə deyir?
1979-cu ildə aparılan bir elmi tədqiqatda, insanların dırnaq böyümə sürəti illərlə izlənib. Məlum olub ki, 30 yaşdan sonra bu sürət hər il təxminən 0,5% azalır. Bunun əsas səbəbi yaşlandıqca qan dövranının zəifləməsi və qidaların hüceyrələrə daha gec çatmasıdır.
Təkcə yaş deyil...
Dırnaq böyüməsinə təsir edən digər faktorlar da var:
-
Qidalanma: Sink, dəmir, kalsium və A vitamini çatışmazlığı dırnaqları zəiflədir.
-
Hormonal dəyişikliklər: Yetkinlik və hamiləlik dövrlərində dırnaqlar daha sürətli böyüyür.
-
Fiziki aktivlik: Hərəkətli insanlar daha yaxşı qan dövranına malik olduğu üçün dırnaqları da daha tez uzanır.
Dırnaqlar sağlamlığımızı necə göstərə bilər?
Mütəxəssislər bildirir ki, dırnaq quruluşundakı dəyişikliklər bəzən gizli xəstəliklərin siqnalı ola bilər:
-
Qara ləkələr – melanoma və ya virus izləri
-
Ağ nöqtələr/xətlər – vitamin və mineral çatışmazlığı
-
Uzunlamasına xətlər – qocalma və ya bəzi xəstəliklər
-
Qalın və yuvarlaq dırnaqlar – ağciyər və ürək xəstəliklərinin əlaməti ola bilər
Dırnaq sağlamlığını necə qoruyaq?
Dırnaqların sağlam və normal böyüməsini təmin etmək üçün bu tövsiyələrə əməl edin:
-
A, E vitamini, sink, dəmir və biotinlə zəngin qidalar qəbul edin
-
Fiziki aktiv olun, qan dövranını gücləndirin
-
Kifayət qədər su için
-
Siqaret və spirtli içkilərdən uzaq durun
Mübahisəli yanaşmalar olsa da…
Dr. Sinclair-in bəzi fikirləri elmi çevrələrdə tənqid olunur. Keçən il o, elmi əsaslara söykənməyən məhsulların təbliğinə görə rəhbərlik etdiyi qurumu tərk etmişdi. Amma onun bioloji qocalma ilə bağlı nəzəriyyələri hələ də elmi dairələrdə maraqla izlənir.
Dr. Sinclair deyir: “Dırnaqlarımı kəsəndə, əvvəlki dəfə nə vaxt kəsdiyimi düşünürəm. Bu mənə bədənimdə baş verən dəyişikliklər barədə ipucu verir”.
Tərcümə: Könül Oruc