E-saglam.az-ın məlumatına görə, endokrinoloq Alissa Dominqes diabetin erkən mərhələdə özünü göstərə biləcək əsas siqnallarını açıqlayıb.
Tez-tez sidiyə getmək diqqətdən yayınmamalıdır. Əgər insan adi haldan daha çox sidiyə çıxmağa başlayıbsa, bu, qanda şəkərin yüksəldiyinə işarə ola bilər. Eyni zamanda güclü və yatırılmayan susuzluq da erkən əlamətlərdəndir. Orqanizm çox maye itirdiyi üçün bədən su balansını bərpa etməyə çalışır.
İzah olunmayan çəki itkisi də mühüm xəbərdarlıq siqnalıdır. İnsulin düzgün işləmədikdə bədən enerji almaq üçün yağ və əzələ toxumasını parçalamağa başlayır və bu da sürətli arıqlamaya səbəb olur.
Dəridə dəyişikliklər xüsusilə diqqət çəkir. Boyun, qoltuqaltı və ya qasıq nahiyəsində tünd, məxməri görünüşlü sahələrin yaranması və ya dəri papillomalarının artması insulin müqavimətinin göstəricisi ola bilər.
Yaraların gec sağalması da diabetin tipik əlamətlərindəndir. Qanda şəkərin yüksək olması toxumaların bərpasını zəiflədir və bu, xüsusilə uzunmüddətli nəzarətsiz diabetdə daha çox müşahidə olunur.
Doktor Dominqes vurğulayır ki, diabetin erkən mərhələsi çox vaxt simptomsuz keçir. Buna görə də ailəsində diabet olanlar, artıq çəkisi olanlar, prediabeti, polikistik yumurtalıq sindromu və ya hamiləlik diabeti keçirmiş şəxslər mütəmadi olaraq müayinədən keçməlidirlər. Erkən diaqnoz xəstəliyin ağırlaşmalarının qarşısını almaqda əsas rol oynayır.
Tərcümə: Könül Oruc
E-saglam.az