Prezident Rəcəb Tayyib Ərdoğan, 1-ci tip diabetli uşaqlar üçün sensorlu qlükoza monitorinq cihazlarının Sosial Müdafiə Fondu tərəfindən kompensasiya çərçivəsinə daxil edildiyini açıqlayıb.
E-saglam.az xəbər verir ki, Türkiyədəki bu təşəbbüs, təxminən 28 min 1-ci tip diabetli uşağın həyatını asanlaşdıracaq. Sensor cihazlar, barmaq ucu ilə qan şəkəri ölçməyə ehtiyac olmadan, real vaxtda və fasiləsiz qlükoza səviyyəsini izləməyə imkan verir. Nəticələr dərhal smartfonlara və ya digər cihazlara göndərilir. Bu, uşaqların qan şəkəri səviyyələrini valideynlərə və ya digər təyin olunmuş şəxslərə göndərir, beləliklə, valideynlər uşaqlarının sağlamlıq vəziyyətinə uzaqdan nəzarət edə bilərlər.
Bu cihazlar həmçinin qan şəkərinin səviyyəsi pisləşdikdə, məsələn, hipoqlisemiya (qan şəkərinin aşağı düşməsi) və ya hiperqlikemiya (qan şəkərinin yüksəlməsi) baş verdikdə, xəbərdarlıq siqnalı verir və təcili mobil telefonlara bildiriş göndərir. Bu xəbərdarlıqlar, uşaqların həyatını təhlükəyə atmadan dərhal müdaxilə imkanı yaradır və onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edir.
Hazırda, 1-ci tip şəkərli diabetli uşaqların çoxu bu cihazları maddi səbəblərdən ala bilmir və barmaq ucu ilə qan şəkəri ölçməli olurlar, bu isə ağrılı və yorucu bir prosesdir. Yeni təşəbbüs, bu uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, həm də daha effektiv sağlamlıq izləməsi təmin edəcək.
Tərcümə: Könül Oruc