Tez yuxuya gedə bilən insanlar bunun sirrini Reddit-dəki AskReddit forumunda paylaşıblar.
E-saglam.az xəbər verir ki, istifadəçilərdən bəziləri yuxuya gedərkən beynində tanış ssenarilər canlandırdığını bildirib. Məsələn, məşhur filmlərin süjetlərini və ya müxtəlif fantaziyaları təsəvvür etmək onların daha tez yuxuya getməsinə kömək edir.
Reddit istifadəçilərindən biri yatmazdan əvvəl “Gözəl və Bədheybət” filmini beynində canlandırdığını deyib. Onun sözlərinə görə, filmi uşaqlıqdan dəfələrlə izlədiyi üçün səhnələri ardıcıllıqla xatırlamaq və beynində yenidən canlandırmaq asandır.
Digər istifadəçilər isə tez yuxuya getmələrinin əsas səbəbinin gün ərzində həddindən artıq yorulmaları olduğunu qeyd ediblər.
77 yaşlı istifadəçilərdən biri 19 ildir həftənin yeddi günü həyat yoldaşına qulluq etdiyini və günün sonunda çox yorğun olduğu üçün yatağa uzanan kimi yuxuya getdiyini bildirib.
Başqa bir istifadəçi isə yataqda smartfondan istifadə etməməyin yuxuya daha tez getməsinə kömək etdiyini vurğulayıb.
Onun sözlərinə görə, yataqda uzun müddət sosial şəbəkələrdə gəzmək insanın yatağı yuxu ilə deyil, telefon istifadəsi ilə əlaqələndirməsinə səbəb ola bilər. Buna görə də yatmazdan əvvəl telefondan istifadə etmək istəyənlər bunu yataqda deyil, divanda etməli və yuxuları gələndə yatağa keçməlidirlər.
Mütəxəssislər də ümumiyyətlə yatağın əsasən yuxu ilə əlaqələndirilməsinin yuxu rejimi baxımından faydalı olduğunu bildirirlər.
Tərcümə: Könül Oruc