Avstraliyalı alimlərin fikrincə, ümumi xolesterol və "pis" LDL xolesterol səviyyələrindəki dalğalanmalar demensiya riskinin artması və sürətlənmiş idrak geriləməsi ilə əlaqələndirilir.
E-saglam.az-ın məlumatına görə, onların tədqiqatının nəticələri Amerika Nevrologiya Akademiyası tərəfindən nəşr olunan "Neurology" jurnalında dərc olunub.
Tədqiqatda 19.114 nəfər iştirak edib. Tədqiqatçılar iştirakçıların lipid profillərini üç il ərzində ölçmüş və sonra orta hesabla altı il ərzində onların koqnitiv sağlamlıqlarını izləmişlər. Məlum olub ki, ümumi xolesterolda ən böyük dalğalanmalara malik olanlarda xolesterol səviyyəsi sabit qalanlarla müqayisədə demensiya inkişaf riski 60% daha yüksəkdir. LDL xolesterol üçün bu risk 48% artıb.
Bundan əlavə, bu parametrlərin qeyri-sabitliyi yaddaşın, informasiya emal sürətinin və ümumi idrak vəziyyətinin daha sürətli azalması ilə əlaqələndirilmişdir. Lakin, orta xolesterol səviyyələri demensiya riski ilə əhəmiyyətli bir əlaqə göstərməmişdir ki, bu da bu parametrlərin mütləq dəyərlərindən daha çox sabitliyinin vacibliyini göstərir.
Alimlər xolesterol səviyyəsində qəfil dəyişikliklərin beyin qan damarlarının sağlamlığına mənfi təsir göstərə biləcəyini və neyrodegenerativ proseslərin inkişafına töhfə verə biləcəyini irəli sürürlər.
Tərcümə: Könül Oruc