Hamiləlik dövründə Daun sindromu riskinin olub-olmamasını anlamaqda dölün USM-də müayinə olunması çox vacibdir.
Bu sözləri E-sağlam.az-a açıqlamasında USM mütəxəssisi Dr. Zümrüd Ələkbərova bildirib.
Onun sözlərinə görə, USM zamanı xüsusi olaraq dölün yaxalıq nahiyyəsinin qalınlığı yoxlanılır (11-14-cü həftələrdə). Bütün körpələrin yaxalıq nahiyəsində mayenin toplanması müşahidə olunur, amma Daun sindromunda bu sahədə daha çox maye yığılır. Bu səbəbdən də, Daun sindromu ehtimalı yüksək olan döllərdə boyun arxasındakı yaxalıq məsafəsinin qalınlığı daha çox olur.
Dölün yaxalıq məsafəsinin qalınlığı ilə yanaşı dölün ümumi ölçüləri, ananın yaşı və bədən çəkisi, hazırda və əvvəllər siqaret çəkib-çəkməməsi kimi bir sıra digər göstəricilər xüsusi kompüter proqramına daxil edilərək körpədə Daun sindromu riski müəyyən edilir.
Bəzən dölün yaxalıq məsafəsinin dəqiq ölçülməsi çətinləşir. Səbəbi isə USM zamanı dölün vəziyyəti və ya hamilə qadının artıq çəkisi ola bilər.
Könül Oruc