Tibbi xəbərlər
Daim öskürürsünüz? -
Tibbi xəbərlər
112

Daim öskürürsünüz? - Professor altda yatan səbəbi açıqladı

On minlərlə insan illərlə düzgün diaqnoz və müalicə ala bilmədiyi üçün həyat keyfiyyəti xeyli aşağı düşüb.

E-saglam.az xəbər verir ki, Böyük Britaniyada xroniki öskürəkdən əziyyət çəkən xəstələrin çoxu Milli Səhiyyə Xidmətinin (NHS) boşluqları səbəbindən müvafiq yardım ala bilmir.

Mütəxəssislərin sözlərinə görə, ölkədə yalnız səkkiz ixtisaslaşmış mərkəz fəaliyyət göstərir və xüsusi milli müalicə təlimatlarının olmaması vəziyyəti daha da çətinləşdirir.

Araşdırmalara görə, hər on britaniyalıdan biri səkkiz həftədən uzun sürən xroniki öskürəkdən əziyyət çəkir. Bu, təkcə yuxusuzluğa deyil, həm də sosial həyatdan uzaqlaşmaya, sidik qaçırmaya və yorğunluğa səbəb olur. London İmperial Kollecinin tənəffüs xəstəlikləri üzrə mütəxəssisi professor Nikolas Hopkinson bildirir: “Xroniki öskürək üçün xüsusi təlimatlar olmadığından, xəstələr illərlə bu əziyyətlə tək qalırlar”.

Mütəxəssislər ən çox rast gəlinən səbəbləri astma, reflü, postnazal damcı və müxtəlif ağciyər xəstəlikləri kimi göstərirlər. Amma diqqətsizlik səbəbindən bir çox hallarda diaqnoz gec qoyulur. Mançester Universitetinin professoru Jaclyn Smith deyir: “Bizə müraciət edən xəstələrin 70 faizi davamlı xroniki öskürəkdən şikayətlənir. Təəssüf ki, həkimlərin bir çoxu bu problemin ciddiliyindən xəbərsizdir”.

Tədqiqatlar göstərir ki, əsas səbəblər vaxtında müəyyənləşdirilərsə, halların 90 faizi müalicə edilə bilər. Professor Ashley Woodcock isə bəzi hallarda aşağı dozalı morfinin simptomları tamamilə aradan qaldıra bildiyini vurğulayır və əlavə edir: “Xroniki öskürəyin müalicəsində yeni bir mərhələ başlayır. Tezliklə hər xəstəxanada xüsusi öskürək klinikaları ola bilər”.

Professor Hopkinson xəbərdarlıq edir: “Səkkiz həftədən çox davam edən öskürəyi heç vaxt yüngül qəbul etmək olmaz. Xüsusilə qanlı öskürək, sinə ağrısı, çəki itkisi və gecə tərləmələri müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun