Yandex watch
Covid-19-a qarşı peyvənd olunanlarda ....

Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin rəhbəri, dosent doktor Murat Sargın bildirib ki, Covid-19 peyvəndi olunan insanlarda ürək xəstəliklərinin artdığına dair iddialar elmi dəlillərə əsaslanmır. Əksinə, İngiltərədə aparılan genişmiqyaslı araşdırma peyvənd olunan şəxslərdə ürək-damar xəstəliklərindən ölüm hallarının daha az olduğunu göstərib.

Emlakbazari.az

E-saglam.az-ın məlumatına görə Dr. Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasının professoru Murat Sargın qeyd edib ki, son vaxtlar erkən yaşlarda infarkt hallarının artması ilə bağlı narahatlıqlar olsa da, bu, gənclər arasında infarktların sayının artdığı anlamına gəlmir.

"10 il əvvəllə müqayisədə gənclər arasında ürək xəstəliklərinin ciddi şəkildə artdığını sübut edən heç bir elmi məlumat yoxdur. Sadəcə olaraq, bu halların daha çox işıqlandırılması, insanların xəbərlərə çıxış imkanının genişlənməsi belə bir təəssürat yaradır," – deyə o vurğulayıb.

Sargın, 25–45 yaş arası gənc əhalinin artması ilə bu yaş qrupundakı infarkt hallarının sayca çox göründüyünü, lakin bu artımın riskin yüksəlməsi anlamına gəlmədiyini bildirib.

"Gənclərin daha çox risk altında olduğunu sübut edən narahatedici məlumat yoxdur. Əhali artdıqca, ürək xəstəliklərinin və hipertoniya hallarının sayında da təbii artım müşahidə olunur. Ümumilikdə dünyada ürək-damar xəstəliklərindən ölüm halları 40-50 faiz civarındadır və bu sahədə artım tendensiyası var.

Prof. Dr. Sargın, ürək-damar xəstəlikləri ilə Covid-19 peyvəndləri arasında mənfi əlaqə qurmağın elmi əsaslara dayanmadığını xüsusi olaraq qeyd edib.

"İngiltərədə 46 milyon insanın məlumatları üzərində aparılan araşdırma göstərdi ki, Covid-19 peyvəndi olunan şəxslərdə hər iki növ ürək-damar xəstəliklərindən ölüm halları daha azdır. Bu araşdırmanın uzunmüddətli nəticələri də gələcəkdə paylaşılacaq. Hazırda isə peyvəndin ürək xəstəliklərini artırdığına dair heç bir ciddi elmi sübut yoxdur," – deyə Sargın bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Türkiyədə də araşdırmalar aparılıb, lakin nəticələr hələ dərc edilməyib.

"Bədən tarazlığını pozmamalıyıq"

Ürək sağlamlığı ilə bağlı vacib tövsiyələr verən Prof. Dr. Sargın həm qışda, həm də yayda hava şəraitinin ürək üçün risk yaratdığını vurğulayıb:

"Soyuq havada tox qarınla gəzmək və ya yoxuş qalxmaq infarkt riskini artırır. Eynilə, yayda da susuz qalmaq, uzun müddət istidə qalmaq və yüksək fiziki gərginlik ürəyə ciddi zərər vura bilər. Qan təzyiqi yüksək olan insanlar, qan durulaşdırıcı qəbul edənlər və ümumiyyətlə risk qrupuna daxil olan şəxslər istidən, susuzluqdan və artıq fiziki yüklənmədən uzaq durmalıdırlar."

Tərcümə : Zəhra Niftiyeva

E-saglam.az