Mütəxəssislər sağlam beyin və bədən üçün yalnız şəkər və doymuş yağda yüksək qidalardan deyil, bəzi gözlənilməz qidalardan da uzaq durmağın vacib olduğunu bildirirlər
E-saglam.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, bu qidaların qəbul edilməsi demensiya və insult kimi ciddi nevroloji xəstəliklərə yol aça bilər. Buna görə gündəlik qidalanmada ehtiyatlı olmaq önəmlidir.
Zədələnmiş, şişmiş və ya çatlamış konserv qutuları botulinum toksini riskini daşıyır. Botulinum toksini, əzələ hərəkətlərini bloklayaraq iflic, bulanıq görmə və tənəffüs çatışmazlığı kimi ciddi fəsadlara səbəb olur. Bu toksin qoxu və dadla aşkar edilmir və bişirildikdə belə zərərsizləşmir, ona görə zədələnmiş konservlərdən qaçmaq vacibdir.
Bəzi iri tropik balıqlarda — məsələn, barracuda, levrek, nərə və müren balığında — siquatoksin adlı neyrotoksin tapıla bilər. Bu toksin titrəmə, başgicəllənmə və yanma hissi kimi simptomlara yol açır və istiliyə davamlı olduğundan, bişirmə ilə aradan qaldırılmır. Belə balıqların, xüsusilə mərcan rifi ərazilərində tutulmuşların, istehlakı məhdudlaşdırılmalıdır.
Çiy və ya az bişmiş ətin içində olan bəzi parazitlər beyinə yoluxa bilər və tutma, kəllədaxili təzyiqin artması, hətta demensiya kimi ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən ətin tam bişirilməsi və gigiyena qaydalarına riayət edilməsi vacibdir.
Pasterizə olunmamış südün istehlakı isə Listeria, E. coli və salmonella kimi zərərli mikroorqanizmlərlə yoluxma riskini artırır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif şəxslər üçün təhlükəlidir. Pasterizə olunmuş südü seçmək sağlamlıq üçün daha təhlükəsizdir.
Tərcümə: Könül Oruc