Tibbi xəbərlər
Bu əlaməti görməzdən gəldi, 26 yaşında
Tibbi xəbərlər
156

Bu əlaməti görməzdən gəldi, 26 yaşında dəri xərçənginə tutuldu

26 yaşlı Sam Tee alnında yaranan çəhrayı ləkəyə aylarla məhəl qoymadı. Halbuki bu, dəri xərçənginin erkən xəbərdarlıq əlaməti idi.

E-saglam.az xəbər verir ki, dostlarının təkidindən sonra o, nəhayət həkimə müraciət edib və aparılan müayinələr nəticəsində bazal hüceyrəli karsinoma (BCC) diaqnozu qoyulub. Bu, İngiltərədə ən çox rast gəlinən, yavaş böyüyən dəri xərçəngi növüdür.

Sam Tee TikTok-da paylaşdığı və 200 mindən çox baxış alan videoda deyib:

“Alnımda çəhrayı ləkə var idi, amma ona uzun müddət fikir vermədim. Həkimlər yoxladıqdan sonra bunun dəri xərçəngi olduğunu öyrəndim”.

Mütəxəssislər xəbərdarlıq edir ki, dəri xərçəngi yalnız qabarıq və rəngli köstebeklərlə məhdudlaşmır. Düz, qırmızı və ya pulcuqlu ləkələr də təhlükəli ola bilər. Bəzi hallarda xərçəngli nahiyələrin kənarları armudvari formaya düşür və ya parlaq düyünlərlə dolu olur.

Həkimlərin sözlərinə görə, vaxtında diaqnoz qoyulan BCC müalicə edilə bilən bir xərçəng növüdür. Lakin əməliyyat zamanı bəzən sağlam dəri də çıxarılır və bu, qalıcı izlər buraxa bilər.

Statistikaya görə, İngiltərədə dəri xərçəngi halları ildən-ilə artır. Melanoma isə ən ölümcül dəri xərçəngi növü olaraq hər il minlərlə insanın həyatına son qoyur.

Sam Tee isə izləyicilərinə bu tövsiyəni verir:

“Əgər dərinizdə yeni ləkə, köstebek və ya dəyişiklik görsəniz, gözləməyin. İki həftədən çox davam edirsə, mütləq həkimə müraciət edin. Mən solyariuma gedirdim və indi bunun necə təhlükəli olduğunu başa düşürəm”.

Mütəxəssislər isə əlavə edir: Günəşdən qorunmaq, günün ən isti saatlarında açıq havada çox qalmamaq və ən azı 30 SPF günəş kremindən istifadə etmək dəri xərçənginin qarşısını almağın ən sadə yollarıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun