Yeni araşdırmalar göstərir ki, yaşıl çay xroniki qaraciyər xəstəliyi ilə mübarizə aparmağa və xərçəng riskini azaltmağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, Xirosima Universitetinin alimləri aşkar ediblər ki, bu içkinin aktiv komponentləri qaraciyər xərçənginin ən geniş yayılmış formalarından biri olan hepatoselüler karsinomanın (HCC) inkişafı ilə bağlı iltihabi prosesləri və metabolik pozğunluqları geri qaytarmağa qadirdir.
Tədqiqat, xroniki qaraciyər xəstəliklərinin 15-25% hallarda HCC inkişafına səbəb olduğunu göstərdi. Alimlər xəstələrin qaraciyər toxumasını təhlil edərək iltihabın və yaşa bağlı metabolik pozğunluqların əsas risk faktorları olduğunu aşkar ediblər.
Tədqiqatın aparıcı müəllifi Hikaru Nakahara izah edir ki, yaşıl çayın tərkibində katexinlər, xüsusilə də güclü antioksidant xüsusiyyətlərə malik epigallocatechin-3-gallate (EGCG) var. Bu maddələr alkoqolsuz yağlı qaraciyər xəstəliyində iltihabı azaltmağa, lipid mübadiləsini tənzimləməyə, qaraciyərdə yağ yığılmasını azaltmağa, həmçinin qaraciyər fermentlərinin (ALT və AST) səviyyəsini azaltmağa qadirdir, bu da zədələnmənin azaldığını göstərir.
Tərcümə: Könül Oruc