Braziliyada dünyanın ən böyük bisepsinə (çiyin və dirsək arasında qolda yerləşən əzələ - red.) sahib olan 56 yaşlı bodibilder Arlindo de Souza vəfat edib.
E-saglam.az bildirir ki, bu barədə Oxu.Az "The Sun" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, onun hər qolunun yoğunluğu 74 santimetrdən çox olub.
Arlindo de Souza katolik Milad günü xəstəxanaya yerləşdirilib, ilkin olaraq böyrəklərindən birinin sıradan çıxdığı məlum olub.
"Onun ağciyərləri maye ilə dolmağa başlayıb. Ürəyi dayandığı üçün hemodializə yerləşdirilməsi üçün vaxt çatmayıb. Ölüm haqqında şəhadətnamə hələlik verilməyib, amma ehtimal edirəm ki, səbəb poliorqan çatışmazlığı (bir neçə orqanın eyni vaxtda normal funksiyasını yerinə yetirə bilməməsi - red.) olub", - deyə Souzanın yaxın qohumu bildirib.
Nəşrin məlumatına görə, nəhəng bisepslər Souzanın etdiyi məşqlərin deyil, onun özünün hazırladığı inyeksiyaların (iynələrin) yeridilməsinin nəticəsidir. Həkimlər onu dəfələrlə tez-tez iynə vurmağın mümkün nəticələri, o cümlədən qolunun amputasiyasına gətirib çıxara biləcək abseslər barədə xəbərdar ediblər.
10 il əvvəl bodibilder Britaniya KİV-ə bildirmişdi ki, təhlükəli inyeksiyalara marağı olan Paulinyo adlı dostunu itirib. Souza hətta əmin edib ki, yaxın adamının ölümündən sonra özünə iynə vurmağı dayandırıb.
Bodibilder "Arlindo Anomaliya" (Arlindo - heyvan) və "Arlindo Montanya" (Arlindo - dağ) da daxil olmaqla, müxtəlif təxəllüslərlə tanınıb.