Psixoterapevt Yelena Fedkina yuxuların niyə bəzən reallıq kimi qəbul edildiyini izah edib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu hal neyrobioloji əsaslara malikdir.
Mütəxəssis bildirib ki, REM yuxu mərhələsində tənqidi düşüncə və reallığın qiymətləndirilməsinə cavabdeh olan prefrontal korteksin fəaliyyəti zəifləyir. Nəticədə beyin həqiqiliyi yoxlamadan emosional yüklü görüntülər yaradır.
Qeyd olunub ki, yuxular zamanı yaşanan qorxu, sevinc və bağlılıq kimi hisslər neyrokimyəvi baxımdan oyaq vəziyyətdəki emosiyalardan fərqlənmir. Bu da yuxuların daha real hiss olunmasına səbəb olur.
Ekspert əlavə edib ki, keçmiş münasibətlə bağlı yuxular tez-tez rast gəlinən haldır. Bu, intuisiya və ya gələcəyi görmə deyil, daha çox həll olunmamış emosional vəziyyətlə əlaqəlidir.
Onun sözlərinə görə, belə yuxular yarımçıq qalmış münasibətləri, ifadə olunmamış hissləri və ya emosional təhlükəsizlik ehtiyacını əks etdirir. Buna görə də yuxular proqnoz deyil, daxili psixoloji vəziyyətin göstəricisi kimi qiymətləndirilməlidir.
Tərcümə: Könül Oruc