"Hamilə qadının orqanizmində baş verən dəyişikliklər normada arterial təzyiqin düşməsilə nəticələnir".
Bu sözləri E-saglam.az-a açıqlamasında uzman ginekoloq Aynurə Həmidova deyib.
Onun sözlərinə görə, ciftdə sintez olunan estrogen və progestronun təsirindən damarlar angiotenzin-II hormonuna həssaslığını itirir və onlar genələrək, dölün qanla yaxşı təchiz olunması üçün zəmin yaradır.
Normada birinci trimestrdə təzyiq 5-15 mm c. s. düşür, ikinci trimestrdə bir qədər də azalmalıdır.
Üçüncü trimestrdə isə, normal fizioloji səviyyəyə qayıda bilər. Belə bir fikir var ki, arterial hipertoniya bütün hallarda nevrotik səbəblərdən yaranır. Bu, dərin nevroz olub, damar fəaliyyətinin pozulmasına gətirir.
Əgər xəstədə əvvəlcədən damar, baş beyin və böyrək xəstəlikləri olarsa, patologiyanın inkişafı sürətlənir. Artıq çəki, xörək duzundan çox istifadə, siqaretçəkmə və alkoqol qəbulu vəziyyəti daha da ağırlaşdırır. Amma, bəzi qadınlarda mayalanma yüksək təzyiq fonunda baş verir və ya elə hamiləlik vaxtı təzyiq qalxır. Bu vəziyyət ana və döl üçün təhlükəlidir.
Könül Oruc