Protein (zülal) sümükləri sağlam saxlamaq, maddələr mübadiləsini artırmaq, əzələ itkisinin qarşısını almaq, osteoporoz və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərin riskini azaltmaq üçün vacibdir.
E-saglam.az xəbər verir ki, diyetoloq Maykl Mosli orqanizmdə bu vacib maddənin çatışmazlığından xəbərdar edən 5 əlaməti qeyd edib.
Daimi aclıq hissi. Tədqiqatlar göstərdi ki, zülal aclıq hormonu olan qrelinin səviyyəsinin azalmasına səbəb olur, buna görə də onun çatışmazlığı qida istəyinə səbəb olur. Bu, həddindən artıq yemək və çəki artımına səbəb ola bilər.
Yorğunluq və pis əhval-ruhiyyə. Protein çatışmazlığı enerji sərfini artırarkən enerji qəbulunu azaldır, bu da yorğunluq hissinə səbəb olur. Bundan əlavə, zülalın tikinti blokları olan amin turşuları dopamin və serotonin istehsalını tənzimləməyə kömək edir ki, bu da öz növbəsində müsbət əhval-ruhiyyə ilə əlaqələndirilir.
Zəif saç, dəri və dırnaqlar. Bədənin bu hissələri kollagen, keratin və elastin zülallarından ibarətdir, buna görə də onlar maddənin çatışmazlığından əziyyət çəkirlər.
Əzələ kütləsinin itirilməsi. Bədən qidadan kifayət qədər protein almadıqda, daha həyati toxumaları qorumaq üçün onu əzələdən almağa başlaya bilər. Bu, əzələlərin tükənməsinə səbəb olur.
Şirniyyatlara can atmaq. Protein şəkərin qana salınmasını yavaşlatmağa kömək edir, buna görə çatışmazlıq varsa, qlükoza səviyyəsində kəskin sıçrayışlar mümkündür. Nəticədə, vücudunuz şəkərin səviyyəsini yenidən sabitləşdirməyə çalışmaq üçün sürətli enerji tələb edir.
Tərcümə: Könül Oruc