Ağız, diş və üz-çənə cərrahiyyəsi mütəxəssisi dr. Mobin Nesiri bildirib ki, vaxtında müalicə olunmayan ağıl dişləri ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu dişlər çənə strukturunda kifayət qədər yer olmadıqda və ya təsirləndikdə baş ağrısı, qulaq ağrısı, diş həssaslığı, abses və infeksiya riskinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, ağıl dişləri çənənin ən arxa hissəsində çıxan, bəzən diş ətlərində yer tapa bilmədiyi üçün problem yaradan dişlərdir. Belə hallarda dişlərin bitişik dişlərə təzyiq etməsi abses və infeksiyalara səbəb ola bilər. İnfeksiya irəlilədikcə bədənin immun sistemini zəiflədir və hətta sepsis kimi həyati təhlükəli vəziyyətlər yarada bilər.
Dişlərdə şişkinlik, ağızda pis qoxu, məhdud ağız açılması və baş ağrısı kimi əlamətlər müşahidə olunarsa, mütləq diş həkiminə müraciət etmək lazımdır.
Dr. Nesiri vurğulayıb ki, ağıl dişlərində yaranan infeksiya dişləri dəstəkləyən sümüklərə, hətta qan dövranına keçərək orqan zədələnməsinə və həyati təhlükəyə səbəb ola bilər.
Ağıl dişləri ilə bağlı problemlərin həllində erkən diaqnoz və cərrahi müdaxilə həyati əhəmiyyət daşıyır. Cərrahiyyə zamanı dişlər hissələrə ayrılaraq çıxarılır, əməliyyat sahəsi tikişlə bağlanır və sağalma prosesi yaxından izlənilir. Vaxtında müdaxilə infeksiyanın yayılmasının qarşısını alır və orqanizmi daha ciddi fəsadlardan qoruyur.
Tərcümə: Könül Oruc