Tibbi xəbərlər
Bakteriyaları öldürən və selikli qişanı qoruyan
Tibbi xəbərlər
8

Bakteriyaları öldürən və selikli qişanı qoruyan bir protein kəşf edilib

ABŞ-də Massaçusets Texnologiya İnstitutunun alimləri bağırsaqlarda infeksiyalara qarşı təbii müdafiə rolunu oynayan xüsusi bir zülal olan intelektin-2 kəşf ediblər.

E-saglam.az-ın məlumatına görə, bu protein orqanizmin təbii müdafiə sisteminin mühüm hissəsi kimi çıxış edir və bağırsaqlarda bakteriyalara qarşı ikiqat qoruyucu mexanizm yaradır.

Alimlərin sözlərinə görə, intelektin-2 ilk növbədə bağırsaq seliyini gücləndirir. Selik bağırsaqların səthini örtən və mikrobların orqanizmə daxil olmasının qarşısını alan ilk müdafiə baryeridir. Zülal bu qatı daha qalın və daha davamlı edir, beləliklə bakteriyaların toxumalara çatmasını çətinləşdirir.

İkinci və daha mühüm funksiyası isə zərərli bakteriyaları birbaşa məhv etməsidir. İntelectin-2 bakteriyaların membranına yapışaraq onları tədricən parçalayır və öldürür. Bu təsir adi antibiotiklərə davamlı olan mikroblara qarşı da keçərlidir.

Tədqiqata rəhbərlik edən professor Laura Kisling bunu “ikiqat müdafiə sistemi” adlandırıb. Onun sözlərinə görə, əvvəlcə zülal qoruyucu baryeri möhkəmləndirir, əgər mikroblar onu keçərsə, bu dəfə birbaşa hücuma keçərək onları məhv edir.

Xüsusilə qeyd olunur ki, intelektin-2 Staphylococcus aureus kimi dərmana davamlı bakteriyalara qarşı təsirlidir. Bu isə gələcəkdə antibiotiklərdən asılılığı azaltmağa yönələn yeni müalicə üsullarının yaradılması üçün böyük ümid yaradır.

Alimlər həmçinin bildirirlər ki, bu protein Kron xəstəliyi və xoralı kolit kimi iltihabi bağırsaq xəstəliklərinin müalicəsində də mühüm rol oynaya bilər. Bu xəstəlikləri olan bəzi insanlarda intelektin-2 səviyyəsi ya normadan az, ya da həddindən artıq yüksək olur. Bu balansın bərpası selikli qişanın sağlamlığını yaxşılaşdıra və infeksiya riskini azalda bilər.

Tədqiqat Nature Communications elmi jurnalında dərc olunub və bağırsaq infeksiyalarına qarşı bədənin öz müdafiə mexanizmlərindən istifadə edən yeni müalicə strategiyalarının inkişafına yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun