Tibbi xəbərlər
Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar
Tibbi xəbərlər
119

Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar

“Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

Bu barədə E-saglam.az-a AQTİ-dən məlumat verilib.

Bildirilib ki, AQTİ-də təşkil edilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Daha sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinə, Kompleks Tədqiqatlar Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olan beynəlxalq qurumların nümayəndələri ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, İnstitutda beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki rolunu xüsusi vurğulayıb, müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyini qeyd ediblər.

Qeyd edək ki, sentyabrın 14-də Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir işə başlayıb. 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların ümumilikdə 60-dan artıq nümayəndəsi qatılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun