E-saglam.az saytına Kamran Kərimli adlı valideyn tərəfindən qız övladının (Kubra Kərimli) özəl klinkada başına gələnlərlə bağlı şikayət daxil olub.
E-saglam.az valideynin şikayətini sizlərə olduğu kimi təqdim edir:
"Bu gün mənim 4.7 yaşlı övladım həkimlərin məsuliyyətsizliyi ucbatından ölümdən döndü!
Övladım aşağıdakı proseslər öncəsi bütün zəruri müayinə və analizlərdən keçib, hansıki həkim tələb etmişdi.
Saat 9:18 - 10:50 arası təxminən:
Övladımı "Sağlam Gələcək Klinikası"nda sedasiya ilə dişlərinin müalicəsi prosesinə aparmışdım, sadə bir diş düzəldilməsi prosesi... Amma bu proses kabusa çevrildi. Başa düşmədiyim səbəblərdən biri qızımın anidən ürəyinin dayanması həddinə çatması idi. Ürək masajı etməklə və müxtəlif metodlarla həyatda saxlamağa cəhd etdilər.
Saat 11:00 - 14:30 arası:
Övladımı yaxınlıqdakı Real Klinikasına apardılar. Orada reanimasiyada müdaxilə olundu və ilkin kritik vəziyyətdən çıxdığı bizə bildirildi.
Saat 14:30 - 22:10 arası:
Övladıma müxtəlif analizlər edildi və extube edildi. Daha sonra sedasiya öncəsi viral viruslardan dolayı pnevmoniya olduğu və Real Klinikasında yetərli şərait olmadığı, ən məsləhətli yerlərin ölkədəki 3-4 əsas özəl klinikadan biri olduğu bildirildi.
Saat 22:00 və indiyə qədər:
Biz özəl klinikalardan birinə transfer olunduq və pnevmoniya müalicəsi başlayıb.
Real Klinikasında anestezioloq Təhminə xanım qızımın sedasiyasın həyata keçirib. Rəhbəri Vaqif bəydir.
Sağlam Gələcək Klinikasında isə prosesə nəzarət edən Nurəngiz Hacıyevadır".
KLİNİKALARIN MÖVQEYİ:
E-saglam.az saytı olaraq "Sağlam Gələcək" Klinikasına müraciət etdik. Qeydiyyat bölməsinə zəng vurduq, bizi müdriyyətə yönəltdilər. Klinikanın direktoru Suat Süleymanlı ilə danışdıq. O, bildirdi ki, sözügedən klinikada ümumiyyətlə sedasiya xidməti yoxdur və onlarda belə bir hal baş verməyib: "Bizdə sırf ambulator xidmətdir, reanimasiya xidməti yoxdur. Bu hal bizim klinikada olmayıb. Bu, tamamilə böhtan xarakterlidir. Nurəngiz Hacıyeva adlı həkim isə dünən işdə olmayıb və ümumiyyətlə Azərbaycanda deyil".
Daha sonra Real Hospital ilə əlaqə saxladıq. Qeydiyyat şöbəsindən bildirdilər ki, 18.01.2025 tarixində, səhər saat 11 radələrində Kərimli Kubra Kamran qızı adlı xəstə yuxarıda deyilən vəziyyətdə (valideynin bildirdiyi) həmin klinikaya daxil olub: "Uşaq pis vəziyyətdə gəlmişdi, reanimasiyaya yerləşdirdilər. Baş həkim və digər həkimlərin nəzarəti altında uşağı o vəziyyətdən çıxartdılar".
Qeyd: Əlavə olaraq tərəflərin mövqeyini əks etdirə bilərik.
Könül Oruc