Son illər apteklərdə dərmanların qiyməti qalxıb. Buna baxmayaraq hər bölgədə və ərazidə yerləşən apteklərdə də dərmanların qiymətləri fərqlidir. Bəs görəsən dərmanların qiyməti niyə bahadır və apteklərdə fərqli qiymətə satılan dərman vasitələrinə görə kim məsuliyyət daşıyır?
E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az İqtisadiyyat Nazirliyinə sorğu ünvanladı. Alınan rəsmi cavaba görə yuxarı qiymətə dərman vasitələrinin satışı inzibati məsuliyyətə səbəb olur:
“Əhalinin dərman təchizatının yaxşılaşdırılması üçün Azərbaycanda əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanda əczaçılıq sənayesinin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Pirallahı Sənaye Parkı yaradılıb.
Hazırda Pirallahı Sənaye Parkının rezidentləri tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan preparatın, birdəfəlik şprislərin, bəzi infuziya məhlullarının istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.
Bundan başqa, ötən il Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında ölkəmizdə daha bir əczaçılıq müəssisəsinin yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb, Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Hazırda zavodun tikinti işləri davam etdirilir.
Sənaye parkında digər əczaçılıq müəssisələrinin yaradılması məqsədilə xarici əczaçılıq şirkətləri ilə görüşlər keçirilir, danışıqlar aparılır.
Dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin satış qiymətlərinin yuxarı həddi Tarif (qiymət) Şurasının rəsmi internət səhifəsində yerləşdirilib. Həmin qiymətlərdən yuxarı qiymətə dərman vasitələrinin satışı inzibati məsulliyətə səbəb olur”.