"Sonuna yaxınlaşdığımız may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Vaqif Abdullayev deyib.
O qeyd edib ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkənin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.
V.Abdullayev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir: "Ölkədə qəbul olunmuş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya
Strategiyası”na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanıb. Hazırda ölkəmizdə ümumilikdə iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci, yəni tam peyvəndi alıb".