
İşğaldan azad olunmuş ərazilərdə 2024-cü ildə səhiyyə sahəsində görülən işlər məlum olub.

E-saglam.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Qazaxıstanın "Bİ Group" Şirkətinin yerli tərəfdaşları olan "Hayat Construction" MMC və "Uni Ko" QSC ilə 2024-cü il 26 dekabr tarixində müqavilə imzalanıb.
Hazırda işğaldan azad olunmuş ərazilərdə 12 tibb məntəqəsi (o cümlədən Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası) və Xankəndi poliklinikası fəaliyyət göstərir, burada 134 nəfər tibb heyəti çalışır.
Şuşa Rayon Mərkəzi Xəstəxanasının əsas binasında təhvil-təslim işlərinə hazırlıq gedir, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Mərkəzi xəstəxanalarının layihə-smeta sənədləri, habelə Laçın və Kəlbəcər Rayon Mərkəzi xəstəxanalarının konseptual layihələrinin hazırlanması işləri aparılır. (APA)