Müntəzəm aspirin qəbulu infarktın qarşısını almağa kömək edə bilər, lakin bu müalicə metodu sağlamlığa əks təsirlər də göstərə bilər.
E-saglam.az xəbər verir ki, nefroloq Daria Sadovskaya bu barədə Telegram kanalında məlumat verib və aspirin istifadəsinin diqqətlə qiymətləndirilməli olduğunu bildirib.
Həkimin sözlərinə görə, aspirin ürək-damar xəstəlikləri riski yüksək olan insanlara təyin olunur. Bu riskin dəyərləndirilməsində yaş, qan təzyiqi, xolesterin səviyyəsi, xroniki xəstəliklər (xüsusilə şəkərli diabet) və ürək xəstəliklərinə aid ailə anamnezi nəzərə alınmalıdır. Sadovskaya qeyd edib ki, xüsusilə 50 yaşdan yuxarı, şəkərli diabeti və digər risk faktorları olan şəxslər üçün aspirin faydalı ola bilər.
Bununla belə, aspirin müalicəsi heç vaxt özbaşına başlanılmamalıdır. Çünki bu preparat mədə və bağırsaq qanaxması da daxil olmaqla, ciddi fəsadlar törədə bilər. Həkim bildirir: “Beş il ərzində min nəfərə aspirin versək, altı infarkt və ya insultun qarşısını ala bilərik, lakin eyni zamanda bir-iki insanda ağır qanaxma müşahidə oluna bilər.”
Sadovskaya tövsiyə edir ki, aspirin istifadəsi yalnız həkim göstərişi və nəzarəti altında aparılmalıdır. Bu yanaşma həm infarkt riskini azaltmağa, həm də əlavə sağlamlıq problemlərinin qarşısını almağa kömək edəcək.
Tərcümə: Könül Oruc