Yeni araşdırmaya görə, gündəlik orta miqdarda kofein qəbulu — yəni iki-üç stəkan qəhvə və ya bir-iki stəkan çay — demensiya riskinin azalması və idrak zəifləməsinin ləngiməsi ilə əlaqələndirilir. Tədqiqat göstərir ki, qəhvə və çay kimi adi içkilər beynin sağlam qocalmasına real töhfə verə bilər.
E-saglam.az xəbər verir ki, Mass General Brigham Tibb Departamentinin dosenti və tədqiqatın baş müəllifi Daniel Wang bildirib ki, demensiyanın qarşısının alınması üçün geniş yayılmış bir içki olan qəhvənin ümidverici pəhriz müdaxiləsi ola biləcəyini düşündük. JAMA-da dərc olunan nəticələr orta miqdarda kofein istehlakının demensiya riskini 18 faizədək azaltdığını göstərib.
Təbii bioaktiv maddələrlə — polifenollar və kofeinlə — zəngin olan qəhvə və çay, iltihabı azaltmaqla və hüceyrələri qorumaqla neyroprotektiv təsir göstərir. Tədqiqatda 130 min nəfərdən çox iştirakçının 43 il ərzində izlənməsi nəticəsində həm kişilərdə, həm də qadınlarda eyni müsbət təsirlər qeydə alınıb. Daha çox kofein qəbul edənlərdə yaddaş itkisi və çaşqınlıq kimi subyektiv şikayətlər də daha az olub.
Əvvəlki elmi işlər kofeinin damarsal funksiyanı və insulinə həssaslığı yaxşılaşdırdığını göstərirdi ki, bu da idrakın qorunmasına əlavə təsir edə bilər. Bununla belə, araşdırma müşahidə xarakterli olduğundan birbaşa səbəb-nəticə əlaqəsini tam təsdiqləmir. Həmçinin qəhvənin növü, qovrulma dərəcəsi və dəmlənmə üsulu kimi amillər də nəzərə alınmayıb.
Tədqiqatçılar vurğulayırlar ki, demensiyaya qarşı ən güclü silah erkən profilaktikadır. Kofein bu tapmacanın sadəcə bir hissəsidir, lakin gündəlik vərdiş kimi beyini dəstəkləyən faydalı bir seçim ola bilər.
Tərcümə: Könül Oruc