
Depressiyanın səbəb olduğu yorğunluq, istəksizlik və emosional tükənmə gündəlik həyatı çətinləşdirə bilər. Bu halda antidepressant müalicəsi tövsiyə oluna bilər.

E-saglam.az xəbər verir ki, psixiatr Samuel L. Pauker və Miriam Arond dərmanlara başlamazdan əvvəl nəzərə alınmalı altı əsas məqama diqqət çəkir.
Birincisi, simptomların yox olması zaman alır – bu proses bəzən 3 ay və ya daha uzun çəkə bilər. Bu mərhələdə səbirli olmaq vacibdir.
Mütəxəssislər aşağı dozadan başlamağı və 2-3 həftə ərzində dozanı tədricən artırmağı tövsiyə edir, çünki bu, yan təsirlərin qarşısını almağa kömək edir. Əgər əlavə təsirlər ortaya çıxarsa, əvvəlki dozanı bərpa etmək tövsiyə olunur.
Bəzən dərmanlara başlamaq narahatlıq yarada bilər. Belə hallarda müvəqqəti olaraq narahatlığı azaldan preparatlardan istifadə oluna bilər.
Elə xəstələr də var ki, dərman qəbul etdikdən sonra özlərini daha da pis hiss etdiklərini düşünürlər. Bu, əslində narahatlığın azalmasından sonra depressiyanın əsas əlamətlərinin üzə çıxması ilə bağlı ola bilər. Belə hallarda müalicəyə davam etmək məsləhət görülür.
Antidepressantların bəzi insanlarda ilk həftələrdə müsbət təsiri olsa da, bu təsir qısa müddətdə zəifləyə bilər. Bu, bədənin dərmanı daha tez parçalamağa başlaması ilə əlaqədar ola bilər.
Nəhayət, dərmanlarla yanaşı psixoterapiya da sağalma prosesinin ayrılmaz hissəsidir. Psixoterapiya emosional və davranış yönümlü dəstəklə dərman müalicəsinin təsirini gücləndirir və daha dayanıqlı nəticələr verir.
Tərcümə: Könül Oruc