Tibbi xəbərlər
Ananın mikrobları körpənin beyin inkişafına təsir edə bilər -
Tibbi xəbərlər
153

Ananın mikrobları körpənin beyin inkişafına təsir edə bilər - İlginc araşdırma

Bədənimiz daim dəyişən və saysız-hesabsız bioloji prosesləri gücləndirən mikroblar tərəfindən kolonizə olunur.

E-saglam.az xəbər verir ki, yeni araşdırmalar göstərir ki, bu mikroorqanizmlər hələ doğumdan əvvəl beynin formalaşmasına təsir göstərə bilər.

Corcia Dövlət Universitetinin alimləri mikrobsuz mühitdə böyüdülən siçovullarla apardıqları təcrübədə maraqlı nəticələr əldə ediblər. Bu siçovullar doğuşdan dərhal sonra normal mikrobiotaya sahib anaların yanında yerləşdirildikdə belə, onların beynindəki bəzi dəyişikliklər artıq geri dönüşsüz olaraq baş vermişdi.

Alimlərin diqqəti stress və sosial davranışda iştirak edən hipotalamusun paraventrikulyar nüvəsi (PVN) üzərində cəmlənib. Nəticələr göstərib ki, mikrobların olmaması bu nahiyədə neyronların sayını azaldır və bu dəyişikliklər siçovullar böyüdükdə də davam edir.

Davranış nevroloqu Aleksandra Kastillo-Ruis qeyd edib:

“Yeni doğulan orqanizm doğum kanalından keçərkən mikroblar tərəfindən kolonizə olunur. Bu an, beynin əsas inkişaf mərhələləri ilə üst-üstə düşür. Mikrobların beynin formalaşmasına necə təsir etdiyini öyrənmək bizim üçün çox vacibdir”.

Araşdırma həmçinin göstərib ki, ananın bağırsağında olan mikrobların qarışığı uşağın beyin inkişafında mühüm rol oynaya bilər. Bu, xüsusilə əməliyyatla doğuş zamanı və ya antibiotik istifadəsi hallarında diqqət çəkir, çünki həmin amillər mikrobların aktivliyinə təsir edə bilir.

Mütəxəssislərin sözlərinə görə, bu dəyişikliklər gələcəkdə uşaqların stress reaksiyalarına və sosial davranışlarına təsir göstərə bilər. Buna görə də hamilə qadınların mikrobiotasının necə qorunması və dəstəklənməsi gələcək tədqiqatların əsas mövzusu ola bilər.

Araşdırma nəticələri “Hormones and Behavior” jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun