
B12 vitamini sinir sistemi və qan dövranı üçün həyati əhəmiyyət daşıyır. Bəzi hallarda bu vitaminin çatışmazlığı sadəcə laboratoriya testləri ilə deyil, bədənin verdiyi siqnallarla da müəyyən edilə bilər. Mütəxəssislər bildirirlər ki, simptomlara diqqət etməklə erkən müdaxilə mümkündür.

E-saglam.az xəbər verir ki, əl və ayaqlarda uyuşma, iynəbatma hissi, balanssızlıq və tez-tez başgicəllənmə B12 çatışmazlığının ilkin xəbərçiləri ola bilər. Bu vitamin sinir keçiriciliyində mühüm rol oynadığı üçün onun azalması nevroloji problemlərə yol aça bilər. Hərəkət zamanı tarazlığın itməsi və yüngül koordinasiya pozğunluqları da diqqətdən qaçmamalıdır.
Yalnız fiziki deyil, psixoloji simptomlar da B12 çatışmazlığını göstərə bilər. Tez-tez əhval dəyişikliyi, depressiya, narahatlıq və ya zehni durğunluq kimi hallar xüsusilə gənc yaşda belə müşahidə edilə bilər. Unutqanlıq və diqqət çatışmazlığı kimi əlamətlər də bu çatışmazlığın gizli göstəriciləridir.
Daimi yorğunluq hissi, az hərəkətlə belə gücsüzlük və zəiflik, eyni zamanda ürək döyüntüsü və nəfəs darlığı kimi şikayətlər enerji istehsalında iştirak edən B12 vitamininin çatışmazlığına işarə edə bilər. Bəzi hallarda dəridə solğunluq və ya sarılığa bənzər rəng dəyişiklikləri də müşahidə olunur.
Ağız içi yaralar, dil yanması və həzm problemləri də diqqətdən yayınmamalıdır. Bu simptomlar fərqli səbəblərlə də bağlı ola bilsə də, təkrarlanan və səbəbsiz görünsə, B12 səviyyəsinin nəzərdən keçirilməsi tövsiyə olunur.
Mütəxəssislər qeyd edir ki, bu əlamətlərdən biri və ya bir neçəsi varsa, imkan daxilində test olunmalı və ya həkimlə məsləhətləşməyə gecikilməməlidir. Erkən müdaxilə ilə B12 çatışmazlığını aradan qaldırmaq mümkündür və həyat keyfiyyətində nəzərəçarpacaq yaxşılaşma təmin oluna bilər.
Tərcümə: Könül Oruc