Tibbi xəbərlər
Ana südünün diabet və xərçəngə qarşı
Tibbi xəbərlər
118

Ana südünün diabet və xərçəngə qarşı qoruyucu xüsusiyyəti aşkarlandı

Ana südü yeni doğulmuş körpənin həm fiziki, həm də psixi inkişafı üçün vacib rol oynayır.

E-saglam.az xəbər verir ki, Seçenov adına Analıq və Uşaqlıq Mərkəzinin professoru, tibb elmləri doktoru Nataliya Trifonovanın “İzvestiya”ya verdiyi açıqlamada bildirilib ki, ana südü körpənin həyatının ilk günlərindən beynin formalaşmasına və immun sisteminin güclənməsinə kömək edir.

Onun sözlərinə görə, ana südündəki dokosaheksaenoik (Omeqa-3) və araxidonik (Omeqa-6) yağ turşuları körpənin beyni və görmə orqanlarının inkişafı üçün əsas "tikinti materialı"dır.

Yenidoğulmuşların immun sistemi ilk aylarda xüsusilə zəif olduğu üçün ana südündəki antikorlar onları virus və bakteriyalardan qoruyur. Eyni zamanda, allergiyaların yaranma riskini də azaldır. Klinik tədqiqatlar göstərir ki, həyatın ilk dörd ayında ana südü ilə qidalanma körpəni effektiv şəkildə qoruyur.

Bundan başqa, ana südü sağlam bağırsaq mikroflorasının formalaşmasında mühüm rol oynayır. Süd vasitəsilə uşağa keçən faydalı bakteriyalar – Lactobacillus, Enterococcus və Bifidobacterium – bağırsaqlarda qoruyucu baryer yaradır, zərərli maddələrin qana keçməsinin və xəstəliklərin qarşısını alır.

Uzun müddətli ana südü ilə qidalanma həm uşaq, həm də ana üçün daha çox qoruyucu təsir yaradır. Mütəxəssislərin fikrincə, bu, piylənmə, 2-ci tip şəkərli diabet, xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

Əmizdirən analar da mühüm faydalar əldə edir: südvermə döş, yumurtalıq və endometrium xərçəngi riskini azaldır, ürək-damar sağlamlığını qoruyur və doğuşdan sonrakı depressiya ehtimalını aşağı salır.

Professor Trifonova vurğulayıb: “Əmizdirmə həm ana, həm də uşaq üçün misilsiz faydalar təmin edən, milyon illər ərzində formalaşmış təkamül nəticəsidir”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun