Allergiya - immun sistemin orqanizm üçün ziyansız olan bəzi maddələrə qarşı verdiyi aşırı cavab reaksiyasıdır.
Yəni, immun sistem bizim üçün əslində ziyansız olan bəzi maddələri "düşmən" kimi görərək onu zərərsizləşdirməyə çalışır. Nəticədə, bir sıra orqan və toxumalarda zədələnmə yəni, allergik xəstəliklər yaranır.
Mövzu ilə bağlı E-saglam.az-a danışan allerqoloq Gülnar Quliyeva deyir ki, allergik xəstəlikləri müalicə etmək üçün ilk növbədə orqanizmin nəyə qarşı allergiyasını olduğunu aşkarlamaq və mümkünsə ondan qorunmaq lazımdır: "Dəri testi allerqodiaqnostikada ən çox istifadə olunan testdir.
Dəri testi vasitəsi ilə 15 dəqiqə ərzində tənəffüs və qida allergiyalarının təyini mümkündür:
- Allergik rinit
- Bronxial astma
- Qida allergiyası
- Övrə xəstəliyi
- Allergik dermatit
- Allergik rinokonyuktivit.
G.Quliyeva deyir ki, uzunmüddətli öskürək, boğazda qıcıqlanma, burun tutqunluğu, asqırma, boğulma tutmaları, təngnəfəslik, dəridə səpgi, qaşınma, gözlərdə sulanma allergik xəstəliklərin simptomlarıdır. Allergik xəstəlikləri allergendən qorunma və düzgün müalicə ilə kontrol altına almaq mümkündür.