Xəstəliklər
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan
Xəstəliklər
77

Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər

Yeni hazırlanmış qan testi xərçəngi illər əvvəl aşkarlaya bilər. Mütəxəssislərin fikrincə, bu inkişaf erkən diaqnoz və müalicə prosesində inqilab edəcək.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Cons Hopkins Universitetində aparılan yeni elmi araşdırma xərçəngin diaqnoz qoyulmadan illər əvvəl bədəndə iz qoyduğunu ortaya çıxarıb. Tədqiqat çərçivəsində inkişaf etdirilən ultra həssas qan testi sayəsində xərçəng hüceyrələrində genetik dəyişikliklərin çox daha erkən təsbit edilə bildiyi bildirilib.

Mütəxəssislər deyirlər ki, bu xüsusi test diaqnozdan orta hesabla 3 il əvvəl qanda şişin izlərini aşkar edə bilir. Tədqiqatda iştirak edən tədqiqatçı, Dr. Yuxuan Wang, "Genetik siqnalları belə erkən mərhələdə aşkar edə bilmək xərçənglə mübarizədə oyunu dəyişdirir", - dedi.

Tədqiqat İcmalarda Ateroskleroz Riski (ARIC) adlı ürək-damar xəstəlikləri ilə bağlı daha əvvəl genişmiqyaslı tədqiqatın qan nümunələrindən istifadə etməklə aparılıb. Alimlər diaqnozdan əvvəl nümunələri götürülən 26 xərçəng xəstəsinin məlumatlarını eyni vəziyyətdə olan, lakin xəstəlik diaqnozu qoyulmamış 26 şəxslə müqayisə etdilər.

Təhlil nəticəsində səkkiz iştirakçının testlərində xərçənglə əlaqəli genetik mutasiyalar aşkar edilib. Bu insanların hamısına test aparıldıqdan bir neçə ay sonra xərçəng diaqnozu qoyuldu. Bundan əlavə, illər əvvəl təqdim edilən bu şəxslərdən altısının nümunələri də araşdırıldı və dörd nəfərdə eyni mutasiyalar aşkar edildi. Bu, xəstəliyin klinik əlamətləri görünməzdən çox əvvəl izlənilə biləcəyini göstərdi.

Xərçəngin adətən adi üsullarla irəli mərhələdə təsbit edildiyini nəzərə alsaq, bu yeni test xəstəliyə çox daha erkən müdaxilə imkanı verir. Mütəxəssislər qeyd edirlər ki, bu yanaşma yalnız diaqnostika prosesini sürətləndirməyə deyil, həm də müalicənin müvəffəqiyyət nisbətlərini artıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun