Alimlərdən möcüzəvi kəşf:
Alimlərdən möcüzəvi kəşf:

Alimlər qəhvəyi yağ toxumasından PHD2 genini çıxararaq orqanizmdə maddələr mübadiləsini sürətləndirə biləcəklərini aşkar ediblər. Bu kəşf pəhriz saxlamadan daha çox kalori yandırmağa imkan verir. Bundan əlavə, araşdırmalar bunun piylənmə və 2-ci tip diabet kimi artıq çəki ilə əlaqəli xəstəliklərin müalicəsi üçün yeni yollar aça biləcəyini ifadə edib. Alimlər müəyyənləşdiriblər ki, orqanizm pəhriz saxlamadan daha çox kalori yandıra bilir.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, Nottingham Trent Universitetinin tədqiqatçıları qəhvəyi yağ toxumasından PHD2 geninin çıxarılmasının orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olduğunu aşkarlayıblar. “Nature Communications” jurnalında dərc edilən nəticələr geni olmayan siçanların əhəmiyyətli dərəcədə daha çox yemək yeməsinə baxmayaraq, PHD2 geni olanlara nisbətən 60 faiz daha çox kalori yandırdığını göstərib.

PHD2 soyuq havada insanı isti saxlayan bir toxuma növü olan qəhvəyi piylərin tənzimlənməsində əsas rol oynayan gendir. NTU Elm və Texnologiya Məktəbinin tədqiqatçısı Zoi Michailidou bildirib ki, nəticələr piylənmə, 2-ci tip diabet və artıq çəki ilə əlaqəli digər xəstəliklərin müalicəsi üçün yeni üsullara yol aça bilər: “Genin təsirinin azaldılması artıq çəki ilə 2-ci tip şəkərli diabet arasında əlaqəni poza bilər. Bu nəticələr yüksək risk altında olan insanlar üçün çox vacibdir. Bunun hələ erkən olmasına və insanlarda daha çox araşdırmaya ehtiyac olmasına baxmayaraq, PHD2 geninin yağ toxumasından çıxarılması maddələr mübadiləsini artıracaq və daimi pəhrizə ehtiyac olmadan kilo itkisi davamlı olacaq”.

Alimlər oksigen səviyyəsinin dəniz səviyyəsindən aşağı olduğu yerlər və ya yüksək hündürlükdə olmağın insanın maddələr mübadiləsini sürətləndirə biləcəyini diqqətə çatdırıblar. Beləliklə, komanda tədqiqatçıların “orqanizm üçün oksigen sensoru” kimi təsvir etdiyi PHD2 genini qəhvəyi yağ toxumasından çıxararaq bu yüksək hündürlük effektini təqlid edə biləcəklərini görmək istəyib.

Tədqiqatçılar, siçanlar üzərində aparılan testlərdən sonra PHD2 geninin təsirini daha yaxşı başa düşmək üçün 5000-dən çox insanın qanını analiz ediblər. Onlar PHD2 geni tərəfindən kodlanan PHD2 zülalının səviyyəsinin daha çox qarın piyi olanlarda daha yüksək olduğunu müəyyənləşdiriblər. Qrup, həmçinin bu genin diabet və tiroid xəstəlikləri kimi metabolik xəstəliklər riskinin artması ilə əlaqəli olduğunu aşkarlayıb. Dr. Z.Michailidou açıqlamasında bildirib: “Qəhvəyi yağ, soyuq temperaturlara məruz qaldıqda insanlarda daha aktiv olan kalori yandıran toxumanın xüsusi bir növüdür. Yağ hüceyrələrinin oksigeni hiss etməsinə imkan verən bir zülalın məhv edilməsi ilə biz kalori yandırmasının siçanlarda baş verə biləcəyini göstərə bildik”.

E-saglam.az