ABŞ-nin Rutgers Xərçəng İnstitutunun alimləri zədədən bir neçə dəqiqə sonra bədəndəki zədə yerlərini dəqiq müəyyən etməyi öyrəniblər.
E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "Med" jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, orqanizmin müəyyən yerində hüceyrələr məhv olanda xüsusi molekulyar iz qalır.
Onlar donuzlar üzərində bir sıra təcrübələr aparıblar. Məlum olub ki, xüsusi peptidlər, yəni qısa amin turşuları zədələnmiş toxumalarda yalnız dəyişdirilmiş zülalları tanıya bilir. Bu peptidlərdən biri xüsusilə perspektivli olub: kalsium səviyyəsi kəskin yüksəldikdə, formasını dəyişən zülala seçici şəkildə yapışır.
Tədqiqatçıların fikrincə, bu peptid dərmanların və ya kontrast maddələrin çatdırılması üçün hədəfə çevrilə bilər ki, bu da MRT və PET (pozitron emissiya tomoqrafiyası) vasitəsilə zədənin dəqiq vizuallaşdırılmasına imkan verəcək.
Bu kəşf sayəsində sağlam toxumalara təsir etmədən yalnız zədə yerində təsir göstərən dərmanlar yaratmaq mümkün olacaq. Alimlər kəşfin həm mülki, həm də hərbi tibb üçün əhəmiyyətli olduğunu vurğulayıblar.