Yoluxucu xəstəliklər üzrə mütəxəssis dosent Dr. Cumhur Artuk bərbərxanalarda və gözəllik salonlarında gigiyena qaydalarına əməl olunmamasının hepatit B və C viruslarının yayılması baxımından ciddi təhlükə yaratdığını bildirib.
E-saglam.az xəbər verir ki, Gülhane Tədris və Araşdırma Xəstəxanasının baş həkim müavini olan Artuk, təraş zamanı istifadə edilən qayçı, ülgüc və digər alətlərin bədən mayeləri ilə təmasda olub digər müştərilərdə istifadəsinin virus yoluxdurma riski daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu alətlər hər müştəridən sonra sterilizasiya olunmalıdır.
O, hepatit B və C-nin illərlə əlamət vermədən gizli şəkildə irəlilədiyini, ancaq son mərhələdə qaraciyər çatışmazlığı, siroz və ya xərçənglə nəticələndiyini vurğulayıb. Dr. Artuk eyni zamanda hepatit viruslarının yalnız qanla deyil, tərləmə və cinsi əlaqə yolu ilə də ötürülə biləcəyini deyib.
Mütəxəssis peyvəndin qoruyucu təsirinə də diqqət çəkərək, uşaqlıqda tətbiq olunan hepatit B peyvəndlərinin 95 faiz hallarda immunitet yaratdığını, peyvənd olunmayanlar üçün isə alternativ proqramların mövcud olduğunu bildirib.
Artuk vətəndaşlara çağırış edərək, bərbər və gözəllik salonlarında istifadə olunan alətlərin təmizliyinə diqqət etməyi, şübhəli hallarda isə xidmət almamağı tövsiyə edib.
Tərcümə: Könül Oruc