Qaraciyər bədənin detoks fabrikidir. Lakin müasir həyatın gətirdiyi toksin yükü bu orqanı yorur.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Dr. Meltem Ergun bildirib ki, qaraciyəri “ən sürətli” təmizləyən nə möcüzəvi içkilər, nə də xüsusi proqramlardır. Ən təsirli yol sağlam həyat tərzidir.
Qaraciyərin əsas funksiyaları:
Qaraciyər yeməyi qidaya çevirir, qan laxtalanması üçün zülallar istehsal edir, vitamin, dəmir və şəkəri ehtiyatda saxlayır, dərman və toksinləri zərərsizləşdirir.
Qaraciyəri zəiflədən amillər:
Uzunmüddətli alkoqol istifadəsi, Hepatit B və C virusları, piylənmə, dərmanların sui-istifadəsi, bəzi kimyəvi maddələr, siqaret, sürətli arıqlama və uzun aclıq qaraciyərə zərər verir. Nəticədə siroz, qaraciyər xərçəngi və digər ağır fəsadlar yarana bilər.
Qaraciyəri dəstəkləmək üçün:
-
Alkoqoldan tamamilə uzaq durun.
-
Hazır və işlənmiş qidaları azaldın, Aralıq dənizi tərzi ilə qidalanın.
-
Hepatit peyvəndlərinizi unutmayın.
-
Dərman və əlavələri həkim məsləhəti olmadan qəbul etməyin.
-
Gündə 2-2.5 litr su için.
-
Hərəkətli həyat tərzi sürün.
-
Gecə erkən yatmağa çalışın.
Qaraciyər üçün faydalı qidalar:
Ənginar, sarımsaq, limon, zeytun yağı, yaşıl yarpaqlı tərəvəzlər, qoz, çuğundur, zərdəçal qaraciyər funksiyasını dəstəkləyir.
Müayinələr:
AST, ALT, GGT, ALP, bilirubin və albumin testləri ilə qaraciyər sağlamlığınızı mütəmadi yoxlayın.
Qısacası, qaraciyəri “sürətlə təmizləmək” sağlam vərdişlərə keçməkdən keçir. Daimi diqqət və düzgün qidalanma qaraciyərinizi uzun müddət sağlam saxlayar.
Tərcümə: Könül Oruc