22 yanvar 2026-cı il ABŞ üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvü kimi son gün oldu. 20 yanvar 2025-ci ildə Donald Tramp ABŞ-nin ÜST-dən çıxması üçün sərəncam imzalamışdı. Bu proses bir il sonra, 22 yanvar 2026-cı il tarixində tamamlandı.
E-saglam.az-ın məlumatına görə, Trampın qərarı onun ikinci cəhdi idi: ilk dəfə 2020-ci ildə beynəlxalq təşkilatdan çıxmaq niyyətini açıqlamışdı. ABŞ hökuməti çıxışın səbəbləri kimi COVID-19 pandemiyası və digər qlobal səhiyyə böhranlarının idarə edilməsində çatışmazlıqları, ÜST üzv dövlətlərinin siyasi təsirindən müstəqil qərar qəbul edə bilməməsini göstərdi.
Son on ildə ABŞ hər il ÜST-ə 160 milyon dollardan 815 milyon dollara qədər ianə edib. Agentliyin illik büdcəsi təxminən 2–3 milyard dollar arasındadır. Son bir ildə ABŞ-nin səhiyyə siyasəti beynəlxalq təşkilatdan və qlobal çərçivələrdən tədricən uzaqlaşıb.
ABŞ may ayında ÜST-ün Pandemiya Sazişini təsdiqləmədi. Hüquqi cəhətdən məcburi razılaşma gələcək pandemiyalara hazırlıq, onlara cavab tədbirləri və peyvəndlər kimi tibbi ləvazimatların qlobal əlçatanlığını nəzərdə tutur.
Tramp administrasiyası, Ebola epidemiyasından sonra yaradılmış Qlobal Səhiyyə Təhlükəsizliyi və Biomüdafiə Direktorluğunu ləğv etdi.
İlin əvvəlində ABŞ Səhiyyə Katibi yeni pəhriz qaydalarını açıqlayaraq heyvan zülallarını əsas protein mənbəyi kimi vurğuladı. Bu, ÜST tövsiyələrindən fərqlənir: ÜST daha çox bitki mənşəli zülallara üstünlük verir.
2026-cı ilin yanvarında ABŞ hökuməti tövsiyə olunan peyvəndlərin sayını 17-dən 11-ə endirdi. Siyahıda poliomielit, qızılca, parotit, məxmərək, difteriya və tetanus qalır.
Beynəlxalq yardım sahəsində də dəyişiklik olub. USAID Tramp sərəncamı ilə bağlanıb. 2023-cü ildə ABŞ 209 ölkə və bölgəyə 71,9 milyard dollar yardım göstərmişdi, bunun 22%-i səhiyyə və qida proqramlarına yönəldilmişdi.
“The Lancet” jurnalında dərc olunan araşdırma xəbərdarlıq edir ki, kəsintilər davam edərsə, 2030-cu ilə qədər əlavə 14,1 milyon insanın həyatı risk altında ola bilər, bunların arasında beş yaşdan kiçik 4,5 milyon uşaq da var.
Tərcümə: Könül Oruc